Misli Premyer Liqasında 16-cı turun açılış oyunu əzəli rəqiblərin dueli ilə start götürdü. Matc.az saytının məlumatına görə, "Neftçi" ilə "Qarabağ" Azərbaycan derbisində üz-üzə gəldi. Bu qarşılaşma bakılıların liderə yaxınlaşması, ağdamlıların isə mövqeyini qoruması baxımından ciddi önəm kəsb edirdi. Azarkeşlər gərgin mübarizə gözləsə də, sərgilənən oyun və nəticə heç də derbiyə yaraşmadı.

"Neftçi" – "Qarabağ" – 0:4
Qollar: Kadi Borqes, 37, 83; Abdullah Zubir, 60; Ramil Şeydayev, 67
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev. AVAR: Nicat İsmayıllı
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı (26. ömər Buludov, 60), 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo (77. Yeqor Boqomolski, 80), 24. Yusuf Laval (16. Gilyerme Pato, 60)
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 91. Ağadadaş Salyanskiy, 92. ömər Qurbanov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze
Baş məşqçi: Laurentsiu Regekampf
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (18. İsmayıl İbrahimli, 80), 5. Maksim Medvedev (k), 2. Qara Qarayev (6. Julio Romao, 70), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina (55. Bədavi Hüseynov, 80), 20. Kadi Borqes, 11. Kvabena Ovusu (22. Musa Qurbanlı, 75)
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov|
2 dekabr. "Bakcell Arena", 7000 tamaşaçı

Dörd gün əvvəl "Zirə" ilə qolsuz bərabərliyə baxmayaraq, Qurban Qurbanov start "11-liy"inə əl dəyməmişdi. Ağdam klubunun çalışdırıcısı səfərdə oynasalar da, yenə hücumameyilli heyət meydana buraxdı. 4-3-3 sxemində Kadi Borqes növbəti dəfə pleymeyker mövqeyində çıxış etməli idi. Digər oyunçuların hər biri öz mövqeyində qərarlaşmışdı. Ağdam klubunda əsas itki kimi Marko Veşoviçin yoxluğunu qeyd etmək olar. Onun müdafiənin sağındakı boşluğunu kapitan Maksim Medvedev doldurmalı idi.

"Neftçi"də isə iki dəyişiklik diqqət çəkirdi. Cəzalı olduğu üçün "Səbail"lə görüşü buraxan Kenni Sayef yenidən start heyətində yerini almışdı. Zədəsini sağaldan Vojislav Stankoviç də müdafiədəki mövqeyini ələ keçirmişdi. Onların oynaması müvafiq olaraq Gilyerme Pato və Mamadu Mbodju ehtiyata çəkilməyə vadar etmişdi. Zədəlilər sıraya döndüyündən, Laurentsiu Regekampf ideal heyəti meydana buraxa bilmişdi. Rumıniyalı mütəxəssis də həmkarı kimi, 4-3-3-ə etibar etmişdi.

Şübhəsiz ki, qarşılaşmanın hər iki tərəf üçün əhəmiyyəti böyük idi. "Qarabağ"ın əzəli rəqibinə məğlubiyyəti həm "ağ-qaralar"ı bir qədər yaxınlaşdıracaqdı, həm də "Sabah"ın xal fərqini aradan qaldırmasına gətirib çıxara bilərdi. Matçdan bir gün əvvəl "Neftçi"nin Müşahidə Şurasının tərkibində edilən dəyişikliklər bakılıların istər-istəməz motivasiyasını yüksəltməli idi. Hər halda istər baş məşqçi, istərsə də futbolçular özlərini yeni rəhbər şəxslərə müsbət məqamda təqdim etmək üçün əla fürsət əldə etmişdilər.

Evdə oynamasına baxmayaraq, start "Neftçi" üçün çox uğursuz alındı. "Ağ-qaralar"ın futbolçuları ilk dəqiqələrdən sanki çaş-baş qalmışdılar. Təsadüfi deyil ki, rəqibin bütün həmlələri qol vəziyyətinin yaranması ilə nəticələnirdi. Əslində "Qarabağ" o qədər də yüksək təzyiqlə oynamırdı. Sadəcə, ev sahibləri nə düz-əməlli müdafiə olunur, nə də hücum qura bilirdilər. Xüsusən də, bakılıların cinahları ağdamlılar üçün boş dəhlizə çevrilmişdi. Nə Azər Əliyev, nə də Azər Salahlı müdafiə planında uğurlu görünürdü. Vəziyyət o həddə çatmışdı ki, Elvin Cəfərquliyev qarşılaşmanı yalnız hücumda keçirirdi. Millimizin müdafiəçisi hətta ilk 10 dəqiqədə iki real qol imkanını qaçırdı. Onunla yanaşı, Kvabena Ovusu və Ramil Şeydayev də ələ düşən şansları sağa-sola xərcləməklə məşğul idilər. "Neftçi"nin heyətində sanki meydanda bir futbolçu var idi - o da İvan Brkiç. Xorvatiyalı qolkiper rəqibin həmlələrini təkbaşına zərərsizləşdirməklə məşğul olurdu. Topun qapıdan keçməməsi üçün heç bir səbəbin olmadığı epizodlarda belə, Brkiç inanılmaz reaksiya ilə hesabın açılmasına imkan vermirdi.

Düzdü, hissənin ortalarından "Qarabağ", onsuz da, yüksək olmayan təzyiqi bir az da azaltdı. Ancaq yenə də oyuna diktə edən tərəf idi. "Neftçi"də Brkiç istisna olmaqla, bütün futbolçular meydanda yuxulayırdılar. Regekampfın yetirmələri sanki meydana candərdi çıxmış, qaçmaq istəmirdilər. Matçın gedişi gec-tez qolun vurulacağından xəbər verirdi. Gözlənilən top 37-ci dəqiqədə gəldi. Nəhayət ki, Kadi yaxın məsafədən zərbə ilə Brkiç tilsimini qırmağı bacardı. Maraqlıdı ki, "Neftçi" birinci hissədə yeganə təhlükəli həmləsini 45-ci dəqiqədə etdi. Onda da Yusuf Lavalın fərqlənməsinə dirək mane oldu.

İnsaf naminə, "Qarabağ" yaxaladığı fürsətlərin yarısını qola çevirə bilsəydi, ilk hissədəcə matçın taleyini həll edəcəkdi. Fasilə isə sanki "Neftçi" futbolçularını qış yuxusundan ayıltdı. İkinci yarı tam fərqli məcrada başladı. Bu dəfə bakılılar irəlidə təzyiq edərək, hücumameyilli oyun sərgiləyirdi. İlk 45 dəqiqədə meydanda varlığı ilə yoxluğu bilinməyən rəqibin ikinci hissəyə bu cür startı Azərbaycan çempionu üçün də gözlənilməz oldu. Doğrudu, demək olmaz ki, oyuna tam nəzarət edən tərəf "Neftçi" idi. Amma paytaxt təmsilçisi ardıcıl cəhdlərlə rəqibin müdafiə xəttini və qapıçısını gərginlikdə saxlayırdı.

Ev sahiblərinin azarkeşləri ümidləndirən oyunu cəmi 10 dəqiqə çəkdi. Getdikcə rəqibin açıq futbol təklifini qəbul edən qonaqların əks-hücumları daha təhlükəli alınmağa başladı. Bunun da məntiqi nəticəsi olaraq bir saatın tamamında fərq 2 topa çatdı. Bu qolda da Azər Salahlının mövqeyini itirməsi həlledici oldu. Regekampf isə dərhal onu və Lavalı əvəzlədi. Rumıniyalı mütəxəssis sol cinahı tamamilə dəyişdi. Salahlını əvəzləyən ömər Buludov sağa, Azər Əliyev isə sola çəkildi. Həmçinin Gilyerme Pato da sol cinahda hücumları gücləndirməli idi. "Qarabağ"ın isə 4 əvəzləməsindən ikisi məcburiyyətdən oldu. İstənilən halda Qurban Qurbanov ancaq eyni mövqelərdəki futbolçuları meydana həmkarları ilə dəyişməklə komandanı "diri" saxlamağa çalışdı.

Meydanda istədiyini edən "Qarabağ" qola doymaq bilmirdi. Rəqib müdafiəçilər üçün qarşısıalınmaz olan Kadi Borqes dubla, Ramil Şeydayev isə 1 qol, 2 assistlə böyükhesablı qələbəyə ciddi töhfə verdi.

Beləliklə, prinsipial qarşılaşmada "Neftçi" üzərində növbəti qələbəsini qazanan "Qarabağ" həm rəqibini çempionluq yarışından "qopardı", həm də liderliyini qorudu. "Ağ-qaralar" isə titul qazanmaq üçün artıq bütün diqqətini ölkə kubokuna yönəltsə yaxşıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest