Gənclər və idman naziri Fərid Qayıbov noyabrda qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüşüb. Matc.az xəbər verir ki, tədbirin əvvəlində Qayıbov "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" və "Azərbaycan Respublikasının İdman Ustası" fəxri adlarına layiq görülmüş idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
 
İdmançıları salamlayan nazir bildirib ki, onlar beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edirlər. İlin sona yaxınlaşdığını qeyd edən Qayıbov idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib və onlara gələn il də böyük qələbələr arzulayıb.
 
Kapoeyra, sambo, avarçəkmə, kikboksinq, taekvondo, qılıncoynatma, ağır atletika, paracüdo, paraüzgüçülük, gimnastika, şahmat, yunan-Roma güləşi, bodibildinq və fitness idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
 
Tədbirdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
 
Xatırladaq ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest