İtaliyanın “Komo” klubunun qapıçısı Robert Sançes “Nürburqrinq” yarış trasında qəzaya düşüb. Matc.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. Futbolçu təxminən 400 min dollar dəyərində olan “Ferrari” avtomobilini qəzaya uğradıb.

Hadisə noyabrın 9-da həvəskarlar üçün təşkil olunan yürüş zamanı baş verib. 28 yaşlı ispan qapıçının idarə etdiyi “Ferrari 488 Challenge Evo” döngəni keçərkən təhlükəsizlik səddinə çırpılıb. Şahidlərin sözlərinə görə, avtomobil o anda təxminən 113 km/saat sürətlə hərəkət edirmiş. Zərbə nəticəsində idman avtomobilinin ön hissəsi ciddi zədələnib.

Avtomobilin ərazidən çıxarılması, qalıqların təmizlənməsi və səddin təmiri üçün tras təxminən bir saatlıq bağlanıb.

Sançes xəsarət almayıb. O, avtomobildən sərbəst çıxa bilib və hətta ətrafa səpələnmiş hissələrin yığılmasına kömək edib. Ertəsi gün futbolçu Belçikadakı “Spa-Frankorşam” trasında, bu dəfə tamaşaçı qismində görünüb.

Sançes hazırda Londonun “Çelsi” klubundan icarə əsasında “Komo”da çıxış edir. Müqaviləsi 2026/2027-ci il mövsümünün sonuna qədər qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest