Əzəli rəqiblər Kriştiano Ronaldo və Lionel Messi karyeralarında 37-ci dəfə üz-üzə gəliblər. Matc.az saytı xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatında bu duel baş tutmasa da, Səudiyyə Ərəbistanı hökuməti onları Ər-Riyadda bir araya gətirib.

Portuqaliyalı yeni transfer olunduğu "Əl-Nəsr"in "Əl-Əhli" ilə birləşməsindən ibarət komandasının heyətində, argentinalı isə PSJ-nin forması altında yoldaşlıq görüşündə bir-birinə rəqib olub. Fransa klubunun 5:4 hesabı ilə qalib gəldiyi qarşılaşmada Leo 1, CR7 isə 2 qolla yadda qaldı.

Bu yazıda əvvəlki 36 qarşılaşmanı xatırlayacağıq:

İlk görüş təxminən 15 il əvvəl – 2008-ci il aprelin 23-də olub. çempionlar Liqasının (çL) yarımfinalında Messili "Barselona" Ronaldolu "Mançester Yunayted"i qəbul edib. Ronaldonun ilk dəqiqələrdə penaltini qaçırdığı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. "Old Trafford"dakı cavab oyununda Ronaldonun komandası qalib gələrək finala yüksəlib. Komanda həlledici matçda da "çelsi"ni üstələyib.

Bir il sonra Kriştiano və Lionel bu dəfə çL-in finalında qarşılaşıblar. "Barsa" 2:0 hesabı ilə qalib gələrək kuboku qazanıb. Messi isə qol vurub, özü də başla.

Ronaldo ardından Madridə köçüb və ilk "El Klasiko" "Nou Kamp"da reallaşıb. Kataloniyalılar Messinin qolları ilə (2:0) qələbə qazanıb.

Bu cütlüyün qarşıdurmalarında az sayda böyük hesablı nəticə qeydə alınıb. Bunun ilki 6-cı dueldə - 2010-cu ildə olub. Joze Mourinyonun "Nou Kamp"da gerçəkləşən ilk "El Klasiko"sunda "Real" 5 cavabsız qolla uduzub. Amma Messi qol vura bilməyib.

Növbəti oyun yoldaşlıq görüşü xarakteri daşıyıb. çünki milli komandalar üz-üzə gəlib. 2011-ci ilin fevralında Argentina Portuqaliyaya 2:1 hesabı ilə qalib gəlib, hər iki superulduz hərəyə bir dəfə fərqlənib.

2011-ci ilin yazında Leo ilə Kriştiano ardıcıl bir neçə dəfə görüşüb. La Liqada çərçivəsində bərabərə nəticələnən matçda oyunçular penaltidən hərəyə bir qol vurub.

Sonra kubok görüşü Ronaldo üçün zəfərlə yekunlaşıb. Valensiyada keçirilən final "Real"ın 1:0 hesablı qalibiyyəti ilə başa çatıb. Əlavə vaxtda qələbə qolunun müəllifi məhz portuqaliyalı olub.

Cəmi bir həftə sonra Messi qisasını alıb - çempionlar Liqasının yarımfinalında "Santyaqo Bernabeu"da dubl edərək. "Real" cavab matçında 0:2 hesabının əvəzini çıxa bilmədiyindən, turnirlə vidalaşıb.

Həmin il "Barsa" ilə "kral klubu" Superkubok uğrunda iki möhtəşəm oyun keçirib. Madriddə hesab 2:2, Barselonada isə 3:2 nəticələnib. Bu duellərdə Ronaldo 1, Messi 3 qol vurub. Məhz argentinalının son topu həlledici olub.

2012-ci ildə keçirilən 6 "El Klasiko"nun hamısında Ronaldo qol vura bilib – 7 qol. Messidə bu say 4 olub. "Real" Superkuboku qazanıb. 2:2 hesabı ilə yekunlaşan bir çempionat görüşündə isə hər iki futbolçu dublla yadda qalıb.

2013-cü ildə tərəflər ev oyunlarında üstünlüyə yiyələnib. Martda Messi qol vursa da, komandası 1:2 hesabı ilə məğlub olub.

Təxminən 8 ay sonra "Barsa" eyni hesabla qalib gəlib. Bu dəfə nə Messi, nə də Ronaldo adını tabloya yazdıra bilib.

2014-cü ilin martında ən çox qol vurulan birgə matçlar baş tutub. Madriddə "Barselona" 4:3 hesabı ilə rəqibini məğlub edib. Messi ikisi penaltidən olmaqla het-trikə imza atıb. Ronaldo isə yeganə qolu penaltidən vurub.

Altı ay sonra milli komandalar arasında keçirilən yoldaşlıq görüşündə ikinci dəfə qarşılaşıblar. Bu dəfə Portuqaliya minimal hesabla qalib gəlib. Messi və Ronaldo bir hissə meydanda olub.

2016-cı ilin yazında Ronaldo "Real"ın qələbə topunun müəllifi olaraq (2:1) "Nou Kamp"ı susdurub.

2017-ci ilin yazında argentinalının dublu "Barselona"nı 3:2 hesablı səfər qələbəsinə daşıyıb. Məhz həmin matçda Messi formasını çıxararaq "Santiaqo Bernabeu" tribunalarına göstərib.

İlin dekabrındakı görüşündə "Barsa" Messinin bir dəfə fərqləndiyi səfər matçında "Real"ı 3:0 hesabı ilə üstələyib.

Messi və Ronaldonun üz-üzə gəldiyi sonuncu "El Klasiko" 2018-ci ilin mayında baş tutub. Bu, əsl vida idi. Hərəyə bir qol və qollu heç-heçə.

Son beş il ərzində isə yalnız bir dəfə görüşüblər. çempionlar Liqası çərçivəsində Ronaldolu "Yuventus" "Nou Kamp"da "Barsa"nı 3:0 hesabı ilə məğlub edib. Portuqaliyalı penaltidən iki dəfə fərqlənib. Matçın boş tribunalar önündə keçirilməsi də diqqət çəkən məqam idi.

Messi-Ronaldo cütlüyü ilə bağlı bəzi maraqlı məqamlar:

- Messi və Ronaldo bir-birlərinə qarşı 36 oyun keçirib: bunun yarısı La Liqada, altısı çempionlar Liqasında, 5-i Kral Kuboku və İspaniya Superkubokunda, daha ikisi isə beynəlxalq yoldaşlıq görüşündə olub.

- Messinin komandaları 16, Ronaldonun komandaları 11 dəfə qalib gəlib. Daha 9 oyun heç-heçə başa çatıb.

- Messi qol sayında Ronaldonu 22:21, ötürmə sayında isə 12:1 qabaqlayır.

- Onların hər biri 7 penalti vurub – Messi hamısını qola çevirib, Ronaldo birini qaçırıb. Cərimə zərbələrindən vurulan qollarda Messi 2:0 öndədi.

- Digər tərəfdən Ronaldo daha çox baş zərbəsi ilə qol vurub – 2:1. Ronaldodan fərqli, Messi "El Klasiko"da aktivinə het-trik yazdırıb.

 

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest