Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyasında 2023-cü ilin ilk turniri davam edir. Matc.az saytı xəbər verir ki, turnirin yarımfinal mərhələsinə yekun vurulub.
 
Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə uğrunda mübarizə aparıb. Ancaq onlardan 3-ü həlledici döyüşdə iştirak hüququ əldə edə bilib.
 
57 kq çəkidə yarışan ümid Rüstəmovun qurbanı Françesko İozia olub. İtaliyalını 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə üstələyən Rüstəmov finalda rusiyalı Eduard Savvinlə münasibətlərinə aydınlıq gətirəcək.
 
Nəbi İsgəndərov da 67 kq-da eyni nəticəyə nail olub. Avropa çempionatının mükafatçısı Atomani Barouf (Komor adaları) və Selbi Dlamini Tabisodan (Esvatini) sonra Seyşel adalarından olan Abdulhakim Akrama da qalib gəlib. Gəncə boks məktəbinin yetirməsi ikinci raundda tam üstünlüklə rəqibini məğlub edib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) döyüşəcək.
 
Alfonso Dominqes isə 86 kq-da qızıl medal şansını davam etdirir. Milliləşən dünya çempionumuz yarımfinalda ispaniyalı Endi Lesmesə 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə qalib gəlib. Dominqes də qızıl medal uğrunda Rusiya təmsilçisini sınağa çəkəcək. Kuba əsilli boksçu turnirin qalibi olmaq üçün Şarabutdin Atayevdən güclü olmalıdı.
 
Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medalla kifayətlənməli olublar. çünki onlar müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) yenilib.
 
Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı Qızıl kəmər seriyasında final döyüşləri fevralın 10-da keçiriləcək.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest