"Bütün karyeram gözümün önündən keçdi. Beyləqandan gəlməyim, Bakıda məşq etməyim, o çətinliklər və birinci, ikinci, üçüncü yerə çıxmağım. Sonunda beşinci dəfə dünya çempionu olmaq".

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, beşinci dəfə dünya çempionu olan Eldəniz Əzizli (55 kq) öz təəssüratlarını bölüşüb.

O, qalib gəlməyi hamıdan çox istədiyini bildirib.

“Artıq 28-ci ildir güləş karyeramı davam etdirirəm. Yarımfinal və final görüşündə güləşdiyim gürcü və İran idmançısı dünyaya gələndə mən artıq Avropa çempionu olmuşdum, yəni onların yaşı qədər təcrübəm var. Düşünürəm ki, burada hamıdan çox mən istəyirdim ki, bu il də dünya çempionu olum.

Keçən il üçüncü yerə çıxsam da, bu, ürəyim istəyən bir nəticə deyildi. Ona görə bir il ərzində gecə-gündüz çalışdıq, vuruşduq, istədik və Allah istədiyimizi bizə verdi, 35 yaşımda artıq beşinci dəfə dünya çempionu oldum", - o deyib.

Mükafatlandırma mərasimində Azərbaycanın Dövlət himni səslənən zaman gözyaşına hakim ola bilməyən E. Əzizli həmin an keçirdiyi hisslərdən danışıb:

"Bütün karyeram gözümün önündən keçdi. Beyləqandan gəlməyim, Bakıda məşq etməyim, o çətinliklər və birinci, ikinci, üçüncü yerə çıxmağım. Sonunda beşinci dəfə dünya çempionu olmaq".

Dünya çempionatında qızıl medal qazanan digər həmyerlimiz Sənan Süleymanovun isə bildirib ki, növbəti hədəfi olimpiya çempionu olmaqdı.

"Dünya çempionu olmağı çoxdan arzulayırdım. Bu hissi sözlərlə ifadə edə bilmirəm. Uzun illərdir, heç kimin bilmədiyi, görmədiyi o qədər əziyyət, zəhmət çəkmişəm, zədələrim olub. Formada olduğum vaxtlar dəfələrlə məğlub olmuşam, amma həvəsdən düşməmişəm. Bu gün isə dünya çempionu oldum. Qarşıda bir əsas hədəfim qalıb - olimpiya çempionu olmaq. Mən əminəm ki, Allahın izni ilə növbəti olimpiadada öz hədəfimə nail olacağam" – deyə, Süleymanov deyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest