16 Fevral 2023, 20:14
DÖYÜŞ NÖVLƏRİ
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışı keçir. Matc.az xəbər verir ki, "Zaqreb Open" turnirində iştirak etdikdən sonra bu ölkənin paytaxtını tərk edən yığma Poreç şəhərinə yollanıb.
Burada Xorvatiya, Finlandiya, özbəkistan, Litva, Danimarka, Niderland, çexiya, İsveç, Qazaxıstan, Estoniya, Almaniya, Macarıstan, Fransa, ABŞ, Yaponiya, Bolqarıstan, çin, İsveçrə, Polşa, Əlcəzair, Rumıniya, Avstriya və Norveç komandalarıyla birgə təlim-məşq toplanışına start verilib. 24 ölkənin güləşçilərinin qatıldığı toplanış əsasən taktiki-texniki çalışmalar üzərində qurulub.
Hazırlıq prosesində millinin 20 üzvü iştirak edir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli (hər ikisi 67 kq), ülvü Qənizadə, Qurban Qurbanov (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Beka Kandelaki, Sabah Şəriəti və Sərxan Məmmədov (hamısı 130 kq) toplanışda yer alıb.
Titullu güləşçilərdən Rafiq Hüseynov (82 kq) isə bərpa prosesini Bakıda davam etdirir.
Fevralın 20-dək davam edəcək təlim-məşq toplanışı qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.