Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesinə davam edir. Matc.az xəbər verir ki, ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən 36 idman təşkilatına 5 il müddətinə müvafiq lisenziya verilib.
 
Həmin idman təşkilatları qaydalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim edib və qaydalarda müəyyən edilən meyarlara uyğun olduqları müəyyən edilib.
 
Martın 2-də lisenziyaların təqdim edilməsi mərasimində iştirak edən ACF prezidentinin müşaviri Natiq Bağırov lisenziya əldə edən idman təşkilatlarını təbrik edib və bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanın bütün regionlarında cüdonun hərtərəfli inkişafına töhfə verməkdir. Həmçinin o bildirib ki, məşqçilər peşəkar səviyyələrini artırmaq üçün ACF-in keçirdiyi seminarlarda və təlimlərdə fəal iştirak etməlidirlər.
 
ACF-in idman direktoru Kamran Talıbov ACF-in lisenziyalaşdırma prosesində idman təşkilatlarına göstərdiyi dəstəkdən danışıb.  "ACF klubların inkişafı üçün lazımi dəstək göstərir. Bura lisenziyalaşdırma kriteriyalarında qeyd edilən infrastruktur tələblərinin qarşılanması məqsədilə klubların maddi texniki bazasının gücləndirilməsinə dəstək, kadr tələblərinin qarşılanması məqsədilə məşqçilərin və köməkçilərinin peşəkar inkişaf təlimlərinə cəlb edilməsi və sair məsələlər aiddir. Lisenziya alan idman təşkilatları fəaliyyətlərini qaydalara uyğun qurmalıdırlar. Növbəti mərhələlərdə ACF məşqçilərin və idmançıların lisenziyalaşdırılmasını həyata keçirəcək". 
 
Mərasimdə iştirak edən ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə bildirib ki, artıq ölkədə cüdo yeni inkişaf mərhələsinə keçib və  Federasiya bu istiqamətdə mühüm işlər görməkdədir. Həmçinin, o klubları fəaliyyətlərinə daha məsuliyyətli yanaşmağa və peşəkar idmançıların yetişdirilməsinə töhfə verməyə çağırıb. 
 
Görüş zamanı bildirilib ki, lisenziya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək və müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa Federasiya verilmiş lisenziyaların geri çağırılması hüququna malikdir. Daha sonra idman təşkilatlarına müvafiq lisenziyalar təqdim olunub. 
 
Qeyd edək ki, ACF-in İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi "İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar"a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. İlkin mərhələdə 26 dekabr 2022-ci ildə 21 idman təşkilatına lisenziya verilib. Beləliklə, hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 57-dir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest