AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko "Kicker"ə müsahibəsində şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, 37 yaşlı çalışdırıcı onları vacib oyunlar gözlədiyini söyləyib.
 
İtaliyalı mütəxəssis qrupda bütün rəqibləri qiymətləndirəcəklərini bildirib. O, "Qarabağ"ı bu mənada misal göstərib: "Avstriya noyabrda İtaliyanın əsas heyətinə qalib gələn komandadı. Bundesliqada futbolçuları çoxdu. İsveç də çox güclüdü. ümumiyyətlə, asan rəqib anlayışı qalmayıb. Cəmi dörd həftə əvvəl Konfrans Liqasında "Gent"in "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduğu zaman Azərbaycanda baş verənləri hər kəs gördü. "Qarabağ" növbəti mərhələyə yüksələ bilərdi. Bir sözlə, seçmə mərhələ parkdakı yürüş kimi olmayacaq".
 
Tedesko Belçika yığmasının güclü futbolçulardan təşkil olunduğunu söyləyib: "Yaxşı komandaya gəlmişəm. Futbolçular bütün Avropaya yayılıblar. Qətərdə keçirilən dünya çempionatındakı məyusluqdan sonra yenidən başlamaq üçün düyməni basmağı cəlbedici hesab edirəm. Ulduz futbolçularla çalışmaq problem deyil. Mənim üçün onlar hörmətlə yanaşdığım vacib insanlardı. Adlarının və çəkilərinin fərqi yoxdu. Onlar komanda oyunçularıdı".
 
Qeyd edək ki, Belçika yığması F qrupunda ilk oyununu martın 24-də İsveçə qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Avstriyanın qonağı olacaq.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest