Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku davam edir. Matc.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu mərhələ adlayıb.
 
51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək.
 
Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək.
 
Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq.
 
Hər 3 boksçumuzun növbəti döyüşü martın 17-nə təsadüf edəcək.
 
Qeyd edək ki, 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnirin üçüncü günündə 4 boksçumuz rinqə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest