Rumıniyanın Buxarest şəhərində keçirilən U-23 Avropa çempionatında çıxışını başa vuran yunan-Roma güləşi üzrə millimiz dünən vətənə qayıdıb. Matc.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın təntənəli qarşılanma mərasimi keçirilib.
 
3 qızıl və 1 gümüş medalla tarixi uğura imza atan yığmanın üzvlərini Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, azarkeşlər, məşqçilər, idmançıların ailə üzvləri və yeniyetmə güləşçilər qarşılayıb. 
 
Gənclərdən ibarət millinin məşqçisi Emin Əhmədov komandanın çıxışı ilə bağlı bunları deyib:
 
"Komanda uğurlu çıxış etdi. Bu yaş qrupu elədir ki, heyət həm gənclərdən, həm də böyüklərdən formalaşır. Bu il U-23 Avropa çempionatında tam heyətlə çıxış etdik. ötən ilki nəticəni daha da yaxşılaşdırdıq. Əlbəttə, bundan da yaxşı nəticə gözləyirdik. Ancaq idmanda belə hallar. Bəzən yarış günündə güləşçi istənilən səviyyədə olmur, bəzən müəyyən səhvlər sözünü deyir. Hər xırda detalın öz rolu var. Həm biz məşqçilər, həm də güləşçilər bu səhvlərin üzərində işləməliyik. Bu yaş qrupunda fərqlənən idmançıların əksəriyyəti böyüklər arasında da Avropa və dünya çempionu olur. Ona görə də bu yarışda uğur qazanan güləşçilərimizdən böyüklər arasında da yüksək nailiyyətlər gözləyə bilərik". 
 
Daha sonra Avropa çempionatının qalibləri - Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq), eləcə də gümüş medal qazanan Xasay Həsənli (77 kq) öz çıxışları haqqında danışıblar.
 
Xatırladaq ki, millimiz bu yarışda medalların əyarına görə 1-ci yeri tutub. Həmçinin komandamız toplanan xallara və medalların əyarına görə öz rekordunu yeniləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest