14 Aprel 2023, 11:05
DÖYÜŞ NÖVLƏRİ
Qətərdə keçiriləcək cüdo üzrə dünya çempionatına yollanacaq Azərbaycan millisinin heyəti müəyyənləşib. Matc.az saytı xəbər verir ki, yığmamız 9 çəki dərəcəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.
Qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq), kişilərdə isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq.
Onlara performans direktoru Mark van der Ham, kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçi Elçin İsmayılov və böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.
Dünya çempionatı mayın 7-dən 14-dək Dohada baş tutacaq. Fərdi yarışlar 7-13 mayda, komanda yarışları isə 14 mayda "Ali Bin Hamad al-Attiyah Arena"da keçiriləcək.