Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, dördüncü yarış günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
 
Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib - 10:0. Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olub - 12:5. Nəsirova yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenə "tuş"la uduzub. Türkan bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşəcək.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüggerə 6:3 hesabıyla qalib gəlib. Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabıyla üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Jalə həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşacaq.
 
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya "tuş"la məğlub olub. 
 
Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə "tuş"la uduzub. Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Onu fransalı Kendra Daçerlə qarşılaşma gözləyir.
 
Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməyib - 0:10.
 
Bu çəkilərdə təsəlliverici və medal görüşləri aprelin 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest