20 Aprel 2023, 21:38
DÖYÜŞ NÖVLƏRİ
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib - 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşıb və 9:4 hesabıyla qalib gələrək növbəti dəfə qitənin ən güclüsü ünvanına sahib çıxıb.
Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib - 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib - 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Elnurə polşalı Katarjina Kravçiklə görüşdən də məğlub (0:9) ayrılaraq debüt etdiyi Avropa çempionatını 5-ci pillədə başa vurub.
Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı "tuş"la məğlub edib. Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib - 0:10. Alyona bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşib və 1:3 hesabıyla məğlub olub.