Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona çatıb. Matc.az xəbər verir ki, yarışın 6-cı günündə son 5 çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
 
Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. Nihat üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbəylə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb. 
 
Həsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabıyla geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb - 3:2. Beləliklə, Həsrət karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub. 
 
ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. ülvü finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib - 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük ülvüyə karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb. 
 
Rafiq Hüseynov (82 kq) 1/8 finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. 3 qat Avropa çempionu 1/4 finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.
 
Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest