Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi keçirilib. Matc.az xəbər verir ki, 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
 
Ramiz Həsənov (70 kq) B qrupunda panamalı Vilfrido Samanieqo, perulu Con Karreno və venesuelalı Vilfredo Rodrigesə 3:0 hesabıyla qalib gəlib. 1/4 finalda dominikanlı Albaro Kamaçoya da eyni aqibəti yaşadan (3:0) Həsənov yarımfinalda türkiyəli Servet Coşkunla bacarmayıb - 0:4. Ramiz rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək bürünc medala sahib çıxıb.
 
İbrahim Yusubov (90 kq) A qrupunda belçikalı Yonas Van Kaenegem (3:0), yunanıstanlı Xristos Samartsidis (3:2) və panamalı Elton Morrisona (3:0) qalib gəlib. Yusubov 1/4 finalda fransalı Matis Mayrandı, yarımfinalda isə macarıstanlı Patrik Puespoekini eyni hesabla (3:0) üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) uduzan İbrahim gümüş medal qazanıb.
 
Oyan Nəzəriani (+90 kq) yunanıstanlı Axilles Xrisidisə (3:0) qalib gəlib və venesuelalı Xose Roberttiyə (0:2) məğlub olub. Son turda argentinalı Nikolas Baez güləşmədiyi üçün Nəzəriani də 1/4 finala adlayıb. Ancaq bu mərhələdə türkiyəli Fatih Yaşarlıya minimal fərqlə (1:2) məğlub olub.
 
Qeyd edək ki, Dünya Seriyasının 2-ci mərhələsi Sinqapurda (10-11 iyun) keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest