AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Xorvatiya millisi hücumçu problemini həll etməyin yolunu tapıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Zlatko Daliç bununla bağlı ölkə prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşüb.

Mario Mandzukiç milli karyerasını bitirdikdən sonra ona layiqli əvəzləyici tapa bilməyən Daliç ispaniyalı futbolçuya döz dikib. Belə ki, çalışdırıcı Zaqreb "Dinamo"sunun gənc forvardı Dani Olmonu yığmaya dəvət etmək niyyətindədi.

"Barselona"nın yetirməsi olan 21 yaşlı Olmo İspaniyanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış edib. 2014-cü ildən Zaqreb "Dinamo"sunun formasını geyinən oyunçu artıq 5 ildi Xorvatiyada yaşayır. Daliç də yerli mətbuata açıqlamasında onun milliləşdirilməsi üçün bir əngəl olmadığını söyləyib.

O, artıq iyun ayındakı seçmə mərhələ oyunundan etibarən Olmonu ixtiyarında görməkdə maraqlıdı: "Olmoya Xorvatiya vətəndaşlığının verilməsi üçün şəxsən prezident Kolinda Qrabar-Kitaroviçə müraciət etmişəm. Komandamda bu cür oyunçu profili yoxdu. İyunun 8-də Uelslə qarşılaşmada ona şans vermək istəyirəm. Bir dəfə Zlatan İbrahimoviçi Xorvatiya yığmasına gətirmək şansını əldən vermişik. Dani Olmo və digər super istedada malik oyunçularda eyni səhvin təkrarlanmasını istəmirəm. Olmoya artıq təklifi etmişəm, o da öz qərarını bildirəcək".

Qeyd edək ki, qrup mərhələsinin ilk turunda Zaqrebdə millimiz üzərində 2:1 hesablı qələbə qazanan Xorvatiya sentyabrın 9-da Bakıda yığmamızın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest