"Bizi çox çətin səfər oyunu gözləsə də, ümid edirəm, yaxşı nəticə ilə qayıdacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik". Matç.az saytı xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko deyib.

O, klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının VIII turunda "Qəbələ" ilə səfərdə keçiriləcək görüşə qələbə üçün çıxacaqlarını söyləyib. İlk dövrədə 3 qola imza atan braziliyalı bu göstəricini artırmaqa çalışacağını bildirib: "Təbii ki, 3 qolla kifayətlənmək fikrində deyiləm. çalışacam ki, bu göstəricini yaxşılaşdırım. İnanıram ki, ikinci dövrədə qollarımın sayını artırmaqla komandaya daha böyük fayda verəcəm".

Dario sabahkı oyunda hücumçu Baqali Dabonun iştirak etməyəcəyi ehtimalını da dəyərləndirib: "Baqali komandamızın ən faydalı, ən vacib futbolçularından biridi, həm də bombardiridi. Əgər Dabo meydana çıxmasa, bizim üçün itki olacaq, amma komandada onu əvəzləyə biləcək futbolçular var".

"Sambaçı"nın fikrincə, Topaz Premyer Liqasında başa çatmaqda olan fasilə komandaya mənfi təsir göstərməyəcək: "İnanmıram ki, beynəlxalq oyunlarla bağlı yaranmış fasilə komandamıza mənfi təsir etsin. Biz bu fasilə ərzində çalışmışıq, öz üzərimizdə işləmişik. Əksinə, yaxşı təsir göstərə bilər. Xatırlayırsızsa, sentyabrda yaranmış fasilədən sonra ardıcıl 4 qələbə qazanmışdıq. ümid edirəm ki, bu seriyanın davamını gətirə biləcəyik".

Komandada özünü xoşbəxt hiss etdiyini dilə gətirən Dario azarkeşlərə də mesaj göndərib: "Artıq bu komandaya tam uyğunlaşmışam. Rəhbərlik, məşqçi heyəti, komanda yoldaşlarımla əla münasibətlərim var. Tez uyğunlaşmağımda onların rolu böyükdü. Amma bunda azarkeşlərin xüsusi payı var. Fanatlarımız mənə və komandaya həmişə dəstək olur. Biz bunu istər ev, istər səfər – hər oyunda hiss edirik".

Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" – "Neftçi" matçı 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest