AFFA-nın baş katibi Sərxan Hacıyev Premyer Liqanın 20-cu turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Səbail" matçından sonra (3:1) jurnalistlərin suallarını cavablandırıb.

Matc.az müsahibəni təqdim edir:

- Buraya gəlməyinizin hər hansı bir səbəbi var mı?

- Xeyr, konkret özəl bir səbəb yoxdur. Bu mövsüm artıq 2-ci dəfədir artıq “Turan Tovuz” oyununa gəlirik. Xüsusi bir səbəb yoxdur. Turun əsas oyunlarından biri idi.

- Tovuz rəhbərliyində bu mövsüm əsas narazıçılıq hakimlərlə bağlıdır. Maraqlıdır oyundan öncə bu mövzuda hər hansı bir müzakirəniz oldu rəhbərliklə?

- Əlbəttə müxtəlif oyunlarla bağlı məsələlər olanda, müzakirələr aparılır. Turanın bundan öncəki oyunundaki hakimlik müzakirə olunmuşdu. Ehtiram müəllimlə də, həmin oyundan sonra müzakirəmiz olmuşdu. Elə bu gün də, müəyyən söhbətimiz oldu. Əlbəttə ki, hakim səhvləri olanda, bu bizi məyus edir. Belə hallarda çalışmalıyıq ki, gələcəkdə qarşısı alınsın.

- Bu mövsüm hakimlərdən narazıçılıq çoxdur. Sizin özünüzün münasibəti necədir bu mövzuya?

- Ümumi baxımdan onu qeyd etməliyəm ki, VAR sistemi bir çox hallarda özünü doğruldur. Bir çox hallarda müşayidə edirik ki, müəyyən qərarlar doğru istiqamətə dəyişib. Bu mövsüm də biz bunun şahidi olmuşuq.

- Gəncə akademiyası ilə bağlı səfər planlaşdırılırdı. Son vəziyyət necədir?

- Məlum olduğu kimi, Gəncəyə həm baza ilə tanışlıq, həm də icraiyyə komitəsinin iclası planlaşdırıldı. Məlum olan 2 səbəblə bağlı səfər təxirə salındı. Fevral ayının ilk günlərində bu səfər baş tuta bilər.

- Milli komandanın baş məşqçi postuna namizədlər kimlərdir?

- Bu məsələ ilə bağlı fürsət düşmüşkən demək istəyirəm ki, hal-hazırda rəsmi olaraq AFFA tərəfindən heç bir mütəxəssisə təklif göndərilməyib. Bundan öncə də qeyd etdiyimiz kimi, işçi qrupu öz fəaliyyətini davam etdirir.

- İşçi qrupunda ümumiyyətlə təqdimat olub? Hər hansısa bir ad...

- Xeyr, konkret ad çəkilməyib.

- Danışılmış oyunlarla bağlı bildirmişdiniz ki, araşdırmalar gedir. Bu araşdırmalar haqda ictimaiyyətə heç bir açıqlama verilmədi...

- Hazırda onu təsdiqləyə bilərəm ki, mən dekabr ayında bu haqda açıqlama vermişdim. Bu gün də açıq araşdırmalar var. Sırf bu mövsümə aid olan məsələlər var. Lakin araşdırma tək AFFA tərəfindən aparılmır. Hazırda məqsədə uyğun olmadığı üçün heç bir açıqlama verilmir.

- Premyer Liqa klubları var onların arasında?

- Xeyr, Premyer Liqadan heç bir klub yoxdur. Söhbət aşağı liqalardan gedir.

- AFFA-da prezident seçkiləri barəsində nə deyə bilərsiniz?

- Prezident seçkiləri məlum olduğu kimi konfrans vaxtı keçiriləcək. Konfrans vaxtı isə dəqiq vaxtı növbəti icraiyyə komitəsinin iclası zamanı müəyyənləşdiriləcək. İclas növbəti günlərdə keçiriləcək.

- Müxtəlif yaş qrupları üzrə yığmaların da sükanı boşdur...

- Hal-hazırda icraiyyə komitəsinin iclası keçirilmədiyinə görə, belə qərar oldu ki, müvəqqəti olaraq, daxili əmrlə müəyyən yaş qruplarına eyni tərkibdə məşqçilərin müqavilələri uzadılsın.

- Son günlər KİV-də növbəti mövsüm premyer liqada klubların sayının artacağı ilə bağlı söhbətlər dolaşılır..

- Artması hazırda müzakirə mövzusu deyil. İdman prinsipləri qorunacaq. Sonuncu yeri tutan çempionatı tərk edəcək.

- Legioner limiti ilə bağlı suallar var...

Hazırda bununla bağlı konkret olaraq təklif gəlməyib. Lakin bu elə məsələdir ki, ilk öncə klublar komitəsində müzakirə olunmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest