Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Portuqaliya Futbol Federasiyasının vasitəçiliyi ilə Kriştiano Ronaldo ilə fövqəladə görüşün keçirilməsinə razılıq verib.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilir ki, qurum rəhbərliyi 41 yaşlı hücumçunun yığmadakı karyerasını gözlənilmədən və qalmaqallı şəkildə başa vurmasının qarşısını almağa çalışır. Federasiya rəsmiləri təcrübəli futbolçunun qazandığı uğurlara görə xüsusi hörmətə layiq olduğunu hesab edir. Məhz bu səbəbdən qurum tərəflər arasında danışıqların təşkili təşəbbüsü ilə çıxış edib.

Jezuş ortaq məxrəcə gəlmək üçün danışıqlara hazır olduğunu bildirib və görüşməyə razılıq verib. Hazırda federasiya Ronaldonun özündən cavab gözləyir.

Xatırladaq ki, ulduz futbolçu Millətlər Liqasının 2-ci turunda Norveçə qarşı keçirilən matçın iştirak ərizəsində yer alsa da, son 18 ildə ilk dəfə millinin oyununda ehtiyatda qalıb.

Bu hadisədən sonra 41 yaşlı kapitan yığmanın düşərgəsini vaxtından əvvəl tərk edib. Portuqaliya mətbuatı hücumçunun bu addımına baş məşqçi Jorje Jezuşla aralarında yaşanan münaqişənin səbəb olduğunu iddia edib.

Həmçinin yerli media təcrübəli forvardın milli karyerasını bitirmək qərarına gəldiyini yazır. Ronaldonun özü isə baş verənlərlə bağlı bütün həqiqətləri yaxın gələcəkdə açıqlayacağını vəd edib.

Qeyd edək ki, Portuqaliya seçməsi artıq ulduz futbolçunun yoxluğunda ikinci matçına çıxıb. Jorje Jezuşun yetirmələri turnirin 3-cü turunda Danimarka seçməsini məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest