2010-2011 mövsümündə “Bakı” klubunun formasını geyinmiş moldovalı futbolçu Vyaçeslav Sofroninin matc.az saytına müsahibəsi

- Azərbaycan futbolunu izləyirsiniz? Çempionatımızın hazırkı vəziyyətindən xəbəriniz varmı?
- Daha çox klublarınızın Avropa arenasındakı çıxışını diqqətlə izləyirəm, amma çempionatdan da xəbərim var. Təbii ki, yaxşı nəticə qeydə alınanda sevinirəm. Avrokuboklardan danışırıqsa, “Qarabağ”ı mütləq qeyd etməliyəm. Bu komanda məni təəccübləndirməkdə davam edir. “Qarabağ”ın oyununa baxanda zövq alıram.

- Avropa Liqasında “Braqa” ilə qarşılaşacaq “Qarabağ”ın mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?
- Öncə onu deyim ki, “Qarabağ”ın möhtəşəm baş məşqçisi var. Qurban Qurbanov hər dəfə öz oyun fəlsəfəsinə uyğun futbolçular tapıb gətirir. Onun seçdiyi oyunçulara söz ola bilməz. Komandası Qurbanovun tapşırıqlarını maksimum dərəcədə yerinə yetirir. Bunu hər il Avropa arenasında da görmək mümkündür. “Braqa” ilə görüşə gəlincə, avrokuboklarda istənilən nəticə qeydə alına bilər. Yadıma “Şerif”in səfərdə Madrid “Real”ını məğlub etdiyi oyun düşdü. Bu görüş əminliklə deməyimə əsas verir ki, “Qarabağ” kimi güclü komanda istənilən rəqibini məğlubiyyətə uğrada bilər.

- “Neftçi” haqda da fikirlərinizi bilmək maraqlı olardı. Adrian Mutu ilə yolları ayıran “ağ-qaralar” Miodraq Bojoviçi baş məşqçi postuna cəlb etdilər. Necə düşünürsünüz, Bojoviç “Neftçi”ni iddialı komandaya çevirə biləcək məşqçidir?
- Hər bir məşqçinin istənilən klubda uğur qazanmaq şansı var. Çünki bu sahədə illərdir çalışan mütəxəssislərin öz oyun konsepsiyaları, iş təcrübələri olur. Əsas məsələ bunu futbolçulara ötürə, aşılaya bilməkdir. Bir də məşqçi daim öz üzərində işləməli, inkişafa can atmalıdır. Müasir futbolun hazırkı səviyyəsi ilə ayaqlaşmaq lazımdır. Bojoviçi məşqçi kimi tanıyıram, əvvəlki iş yerlərindəki fəaliyyətindən xəbərim var. O, “Neftçi”də uğur qazana bilər. Bacarıqlı mütəxəssis olduğunu bu vaxtadək bir neçə dəfə sübut edib.

- Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
- “Bakı” klubunda oynamaq, Bakı şəhərində yaşamaq ürəyimcə idi. Azərbaycanla bağlı ancaq xoş xatirələrim qalıb. Gözəl ölkəniz var. Bakının füsunkarlığı məni valeh edirdi. Ölkənizdə özümə çoxlu dost qazandım. Bir-birimizlə indi də əlaqə saxlayırıq.

- Artıq məşqçilik fəaliyyətinə başlamısınız. Yaxın illərdə Azərbaycana qayıtmaq, burada məşqçi kimi çalışmaq istərdiniz?
- Niyə də yox?! Çox istərdim. Belə bir şansım olsa, Azərbaycan futboluna fayda vermək üçün əlimdən gələni edərəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest