23 Fevral 2024, 19:30
FUTBOL
"Şükürlər olsun ki, qalib gəldik. Azarkeşlərimizə sevinci bəxş edə bildik. Ağır oyun olacağını gözləyirdik və buna da hazırlaşmışdıq".
"Şükürlər olsun ki, qalib gəldik. Azarkeşlərimizə sevinci bəxş edə bildik. Ağır oyun olacağını gözləyirdik və buna da hazırlaşmışdıq. İstəyimiz ən azından bir xal qazanmaq idi, məsafəni saxlamaq üçün. Qələbə bizim üçün çox sevindirici oldu. Komanda bu gün həqiqətən bütün gücünü meydanda qoydu. Bunun üçün də çox sevincliyik".
Matc.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə (2:1) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Artıq minimum hədəfə çatdığınızı demək olar?
- Hələ çox tezdir. Bu barədə danışmaq belə tezdir. Qarşıda ağır çempionat oyunları var. Bu oyun o demək deyil ki, işimizi həll etdik. Yerimizi daha da möhkəmləndirməliyik.
- Komandanın potensialı nəyə qadirdir?
- Bizdən öndə olan komandalarla xal fərqini azaltmağa çalışacağıq. Amma əsas hədəfimiz Premyer Liqada qalmaqdır.
- Avrokuboklar uğrunda mübarizə apan komandalar "Kəpəz"ə 3 xal kimi baxacaq. Bu, sizə mane olmayacaq?
- Digər komandaların bizdən gözləntiləri nədir, bilmirəm. Bizim öz hədəfimiz var. Premyer Liqada qalmağı təmin edəndən sonra bizdən öncə gedən rəqiblərə çatmağa çalışacağıq. Digər komandaların "Kəpəz"lə oyuna 3 xal üçün çıxmaqları bizim üçün üstünlükdür. Gəlsinlər, onları qarşılayacağıq.
- Bu oyuna görə xüsusi mükafat olacaq?
- Mükafatla bağlı heç nə danışmırıq. Futbolçuların düşüncəsi belə olmalıdır ki, komanda uduzmasın. Bundan sonra mükafatla bağlı qərarı rəhbərlik verir. Bizim üçün ən vacibi yaxşı oyun göstərməkdir.
- Giorgi Papunaşvilinin komandanın lideri olduğunu demək olar?
- Tək Papunaşvili yox, ehtiyatda olan Turalı, Vurğunu da qeyd edərdim. Biz kollektiv formalaşdırırıq. Hər kəsin istəyi odur ki, komanda qalib gəlsin. Futbolçulardan əlavə, bu, həm də şəhərin istəyidir.