“Qarşılaşdığımız komandalarla oyunumuz istənilən kimi alınmadı. Əlimizdən gələni etsək də, güclü müqavimət göstərə bilmədik”. Matc.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Elmin Alışanov deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan yığmamızın blokçusu Qızıl Avropa Liqasındakı mübarizə haqda fikir bildirib: “Qızıl Avropa Liqasında Avropanın güclü komandaları iştirak edir. Həmçinin komandaların heyətindəki voleybolçular ən güclü klublarda çıxış edirlər”.
Millimiz Qızıl Avropa Liqasının 3-cü turu çərçivəsində bu gün Estoniya yığmasının qonağı olacaq. Alışanov həm estonlar, həm də digər rəqiblər haqda da fikirlərini bölüşüb: “Növbəti tur bu gün Estoniyada start götürəcək. Rəqiblərimiz ev sahibləri və Lüksemburq komandasıdı. Deyə bilərəm ki, Estoniya daha güclü rəqibdi. Çalışacağıq hər iki matçda yaxşı oyun göstərək. Düşünürəm ki, Lüksemburqa qarşı duel daha maraqlı keçəcək. Həmin görüşdə qalib gəlmək şansımız daha çoxdu. Bəzi oyunçular milliyə yeni cəlb olunublar, həmçinin komanda şəklində məşqlər üçün az zamanımız oldu. Yenə də çalışırıq ki, yaxşı çıxış edək. Son matçlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.