Azərbaycan millisinin məşqçisi Arif Əsədovun matc.az saytına müsahibəsi

- AVRO-2024 sona çatmaq üzrədi. Çempionatdan həzz ala bildiniz, yoxsa qitə birinciliyi gözlədiyiniz kimi keçmədi?

- Azarkeşlər çempionatdan o zaman həzz alırlar ki, turnirdə ulduzların sayı çox olur və çətin anlarda onlar unudulmaz futbol elementləri göstərirlər. AVRO-2024 iştirakçılarından 1-2-nin heyətində o cür oyunçular var idi. İspaniya millisinin gənc üzvü Lamin Yamalı nümunə çəkərdim. Bu turnirdə onun timsalında gördük ki, gələcəyin ulduzu yetişir. Amma ümumi götürdükdə daha çox taktiki mübarizələrin şahidi olduq. Baş məşqçilər sürətli oyuna, taktiki gedişlərə üstünlük verdilər. Məşqçi gözü ilə baxdığım üçün mən həzz ala bildim.

- Çempionat başlamamış favoritiniz kim idi? İspaniya millisinin finala çıxacağını gözləyirdiniz?

- Favoritlərim Fransa və Almaniya yığmaları idi. Çempionun isə konkret Fransa olacağını demişdim. Fransızlara azarkeşlik etmirəm. Sadəcə, bu komandanın “naxışı” var, bəxti gətirir. Bu çempionatda da daha çox nəticəyə hesablanmış oyunla yarımfinala qədər gəlib çıxmışdılar. Bu amillərə görə Fransadan çempionluq gözləyirdim. Amma olmadı. İspaniyaya gəlincə, Avropa çempionatında ən yaxşı oyun göstərən 2 komandadan biri onlardı. AVRO-2024 start götürdükdən sonra artıq ispanların finala yüksələcəyini anladım.

- Bu gün Niderland və İngiltərə arasında keçiriləcək ikinci yarımfinal matçında hansı komandanı daha şanslı hesab edirsiniz?

- Bugünkü görüşün favoriti İngiltərə görünə bilər. Amma Niderland daha zövqlü oyun göstərir və bunu son matçda da nümayiş etdirdi. Proqnoz vermək çətindi. Şansları 55/45 olaraq ingilislərin xeyrinə dəyərləndirərdim.

- Tarixində ilk dəfə Avropa çempionatına qatılan qonşumuz Gürcüstanın çıxışını necə qiymətləndirirsiniz?

- Təbii ki, Gürcüstan millisinin çıxışını müsbət qiymətləndirirəm. Öz imkanlarından artığını edə bildilər. Onların qrupdan çıxması möcüzə görünürdü, amma bunu bacardılar. Portuqaliya kimi komanda üzərində əla oyunla qələbə qazandılar. Sadəcə, qrupdan çıxandan sonra bəxtləri gətirmədi, qarşılarına İspaniya çıxdı. Bu gün ispanlar çempionluğa ən real namizəddilər.

- Gürcüstandan fərqli olaraq, bizim üçün bu cür böyük turnirlərdə çıxış etmək hələ də xəyal olaraq qalır. Bu xəyalın reallığa çevrilməsi üçün hansı addımlar atılmalıdı və daha nə qədər zamana ehtiyac var?

- Bu suala birmənalı, konkret cavab vermək çətindi. Təbii ki, bununla bağlı futbol ictimaiyyətində çox müzakirələr gedir. Ümid edirik ki, yaxşı olar. Futbolumuza yeni rəhbərlik gəlib. Xüsusən, aşağı yaş qruplarında atılan addımlar gələcəkdə bəhrəsini verə bilər. Xviça Kvaratsxeliya və digər gürcü futbolçular uşaq vaxtı kumirləri olan Kriştianu Ronaldo ilə görüşmüşdülər və o görüşdən bir neçə il sonra məhz həmin uşaqlar Gürcüstanı Avropa çempionatının final mərhələsinə daşıdılar. Biz də indidən fundamenti qoymalıyıq ki, təxminən 8 ildən sonra bu nailiyyəti əldə edə bilək. Əsas məsələ futbolçularımızın xaricdə oynamasıdı. Yerli oyunçularımız Azərbaycan çempionatında qalsalar, bu uğura imza atmaq çox çətin olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest