“Avropa çempionatının təsnifat mərhələsinə hazırlığımızı yekunlaşdırmışıq. Artıq ilk oyunumuz üçün Avstriyaya gəlmişik. Sabah Avstriya millisi ilə, bir həftə sonra isə Bakıda Belçika yığması ilə qarşılaşacağıq”. Matc.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqla bağlı danışıb. Cəlalov iyuldan start götürən hazırlıq prosesinin uğurla keçdiyini qeyd edib: “Bakıda və Tbilisidə təlim-məşq toplanışları oldu. Gürcüstanda bu ölkənin yığması ilə 3 yoxlama oyunumuz oldu. Bu oyunlarda bütün voleybolçuları oynatmağa çalışdım. Çünki hər bir idmançı üçün məşq nə qədər vacibdirsə, yarış və yoxlama oyunları da bir o qədər önəmlidir. Komandamızın ilk və son yoxlama matçlarındakı oyunu arasında böyük fərq hiss olunurdu. İnanıram ki, bu yaxşılığa doğru olan dəyişiklik bizim əsas oyunlarımızda da hiss olunacaq”.

Baş məşqçi milli komandanın məqsədindən də bəhs edib: “Əsas məqsədimiz gəncləşən komandamızın oyun təcrübəsini və gənc voleybolçularımızda özlərinə inamı artırmaqdır. Hər iki oyunda daha yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest