AFFA İntizam Komitəsi Misli Premyer Liqasının IV turunda keçirilən “Araz-Naxçıvan” – “Neftçi” oyunu ilə bağlı qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisi ciddi sanksiyalarla üzləşib.

4 futbolçusu sarı vərəqə alan ev sahibləri 700 manat cərimələnib. Matçın 90+5-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan baş məşqçi Elmar Baxşıyev 3-ü şərti olmaqla 5 oyunluq cəzaya məruz qalıb. Çalışdırıcıya 3 aylıq sınaq müddəti qoyulub. Həmin anda rəqibi təhqir edən və futbolçusuna fiziki təzyiq göstərməyə cəhd edən “Araz-Naxçıvan”ın inzibatçısı Hüseynxəlil Orucoğlu 2-si şərti olmaqla 5 oyunluq cəzalanıb. Baxşıyev və Orucoğlu hərəsi ayrılıqda klubu 4000 manatlıq ziyana salıb.

6 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimə ilə üzləşib. Azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi”yə xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest