"Qarabağ" Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia milli komandadan gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdi. Futbolçular çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da hiss olunurdu. Xeyli qol epizodumuz var idi. İstifadə edə bilmədik. Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır. Çünki futbolçularımızın ustalıqları var. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi. Futbolçuılarıma təşəkkür edirəm.
- Komanda üç cəbhədə mübarizə aparacaq. Fiziki cəhətdən çatdırmaq çətin olmayacaq?
- Ola bilər. Niyə? Çünki zədəli futbolçular olanda, böyük problemlər yaranır. Rotasiyalar etməyə imkanımız olmur. Allah qoysa, hamı sağlam olar. Belə ciddi problem görmürəm. Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. Ölkə çempionatında da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandaların da oyunları var. Limitlə bağlı yerli oyunçuya ehtiyacımız çox olur.
- Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?
- Fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm.
- Transferlər gözlənilir?
- Vaxtımız azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.
- Redon Cicanın Avroliqanın sifariş ərizəsində olmaması nə ilə bağlıdır? Bu, onun gedəcəyinə işarədir?
- Yəqin ki, Avroliqada sistemdən xəbərdarsız. Legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əmək etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cicaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. Ona görə çox üzüldüm. Hamı başa düşməldiir. O da məni başa düşür. Nəriman və Musanı çıxarıb, onu sala bilmərəm. Çıxarsamda, yerləri boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan mövqelərdə hər zonada 2 oyunçumuz qalıb. Belə oldu. Cicadan hansısa narazılığım, inamısızlığım yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq.
- Sərxan Hacıyev bildirib ki, AFFA-nın yeni strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri və fikirləri nəzərə alınır. Azərbaycan futbolunda yeni strategiyanın yazılmasında sizin də fikirlər öyrənilməlidir. Ümumiyyətlə, sizin qeydləriniz və fikirləriniz olacaq?
- Cəm şəkildə müzakirələr gedir. Santuş İK-nin üzvü olmadığına görə bu fikri bildiriblər. Amma bizim müzakirələrimiz cəm halda gedib. Hərə öz fikrini bildirib. Strategiyanı yaxşılaşdırmaq üçün əlavə şirkətlər işə qarışıb. Onların fikirləri məncə daha önəmli olacaq. Çünki Avropanın bəzi futbol ölkələrində təcrübələrdə yoxlanılıb. Hansısa çatışmazlıq olsa, nəyisə görsək, onda fikirlərimizi bildirə bilərik. Bir az fikir mübadiləsi apardıq. Əsas ideya həmin şirkətlərin üzərinə düşəcək.
- Aleksey Kaçuk heyətə daxil edilməmişdi. Nə vaxt hazır olar?
- Bir az vaxt lazım olacaq. Düzdür, məşqlərdə çox aktiv iştirak edir. Amma uzun müddət oynamayıb, kollektiv məşqlərdən uzaq olub. Risk etmək istəmirik. Bir neçə oyun da belə gedəcək. Baxarıq. Məşqlərdən asılı olacaq.