NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib. Matc.az xəbər verir ki, o, yeni mövsümə hazırlıq prosesindən danışıb.
"Hazırlıq prosesindən razıyam. İki yoxlama oyunu keçirdik. Oyunçuların, bütün komandanın müsbət və mənfi cəhətlərini gördük. Bu mövsüm ən gənc komandamız olacaq. Ən təcrübəli oyunçumuz 25 yaşlı Əkbər Məmmədovdur. Bütün oyunçular oynamaq üçün böyük bir istəklə gəldilər. Çox ağır çempionat gözləyirəm. Keçən mövsüm autsayderlərə qarşı matçlar da olurdu. Bu il belə olmayacaq. Hər oyun vacibdir. A qrupunda bütün komandalar güclənib, keyfiyyətli legionerlər cəlb ediblər. Yeni limit daha sürətli basketbol deməkdi”, - deyə qeyd edib.
Baxşıyev hədəfləri barədə də danışıb: “Bir çox məşqçilər deyirlər ki, onların məqsədi pley-offa çıxmaqdı. Həmişə bir məqsədimiz olub - çempionluq. Komanda meydançaya çıxırsa, yalnız qələbə üçün oynamalıdı. NTD klubunda hədəflər heç vaxt dəyişməyib. Bəli, çətin olacaq. Liqada "Sabah" kimi komanda var. Onlar avrokuboklarda oynayırlar, güclü legionerlərə malikdilər. Amma biz yalnız çempionluq üçün oynayacağıq".