Beynəlxalq Buzüstü Xokkey Federasiyası (IIHF) 3x3 xokkey idman növünün 2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarının proqramına salınması üçün Beynəlxalq Olimpiya Komitəsinə (IOC) müraciət edəcək.
Matc.az xəbər verir ki, bu barədə IIHF-nin rəsmi saytı məlumat yayıb.
IOC-a ünvanlanmış rəsmi məktubda xokkeyin bu növünün yeni-yeni inkişaf etdiyi vurğulanıb: "İnfrastruktur Olimpiya meydançasında olduğu kimi quraşdırılır. Yeganə fərq buz meydançasının ölçüsüdür. Bu qərarın qəbul olunması kiçik ölkələrdən olan xokkeyçilərə Olimpiadada iştirak etmək üçün daha çox imkan yaradacaq və bu idman növünün inkişafına müsbət təsir edəcək".
3x3 formatında keçirilən xokkey yarışlarında 26x18 metrlik buz meydançalarından istifadə edilir.
Qeyd edək ki, rəsmi məktub 2025-ci ilin yanvarından gec olmayaraq təqdim edilməlidir. Beynəlxalq Olimpiya Komitəsi məsələ ilə bağlı yekun qərarını gələn ilin dördüncü rübündə açıqlayacaq.