AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 19-cu turunda keçirilən “Neftçi” – “Sabah” (1:1) oyununda mübahisəli epizodla bağlı şərh verib. Matc.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, “Sabah”ın penalti gözlədiyi 65-ci dəqiqədəki epizodu dəyərləndirib.

Belçikalı mütəxəssis hesab edir ki, baş hakim Kamal Umudlu həmin epizodda düzgün qərar verib: “Sabah” komandasının 88 nömrəli hücumçusu (Xəyal Əliyev) cərimə meydançasına daxil olur və topu qarşısına atır. “Neftçi”nin 44 nömrəli müdafiəçisi (Yuri Matias) top uğrunda mübarizə zamanı onun çiyninə təmas edir və hücumçu yıxılır. Hakim oyunu davam etdirir. Bu vəziyyət “yuxarı bədən” təması ilə bağlıdır və belə hallarda müdaxilə xətti yüksəkdir. Penalti təyin etmək üçün yüksək intensivlikdə təmas olmalıdır. Amma həmin epizodda çiynə təmas zəif idi. Hakimin oyunu davam etdirmək qərarını dəstəkləyirik”.

De Bleker baş hakimin qarşılaşmadakı səhvini də vurğulayıb: “Neftçi”nin 44 nömrəli oyunçusuna qeyri-idman davranışına görə verilən sarı vərəqədən sonra onun hörmətsiz “istehzalı alqış”ı qəbuledilməzdir. Bu, açıq şəkildə jestlərlə ifadə edilən narazılıqdır və mütləq ikinci sarı vərəqə ilə cəzalandırılmalı idi. Hakimin nüfuzunu zəiflədən belə hörmətsiz davranışı qəbul edə bilmərik. Futbolun imicini və bütövlüyünü qorumaq lazımdır. Bu, futbolu sevən, hörmət edən hər kəsə mesajdır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest