Azərbaycan Güləş Federasiyası (AGF) bölgələrdə infrastrukturun yenidənqurulması istiqamətində silsilə tədbirləri davam etdirir.
Matc.az xəbər verir ki, bu proqram çərçivəsində növbəti tədbir Qazaxda baş tutub. Zəngin güləş ənənələri olan, Avropa və dünya çempionlarını güləşimizə bəxş etmiş Qazaxda bu idman növünün daha da inkişaf etdirilməsi AGF üçün prioritet təşkil edir. Bu məqsədlə Qazax şəhəri Heydər Əliyev prospektində və 2-ci Şıxlı kəndində yerləşən idman zalları AGF tərəfindən güləş xalçası və inventarla təmin edilib.
Tədbirdə çıxış edən AGF-nin baş katibi Nəsimi Musayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax UGİM-in direktoru Rəhim Namazov, AGF-nin baş katibinin müavini Orxan Məmmədov və əməkdar məşqçi Ramiz Tağıyev bölgələrdə güləşin inkişafı üçün atılan bu addımların böyük önəm daşıdığını və belə şərait fonunda güclü, rəqabətədavamlı güləşçilərin yetişəcəyinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, son 2 ildə AGF tərəfindən Bakı, Gəncə, Sumqayıt, İmişli, Salyan, Qusar, Goranboy, Qəbələ, Masallı, Astara, Göyçay və Şamaxıda yerləşən güləş zalları zəruri inventarla təmin edilib. Federasiyanın inkişaf strategiyasının mühüm tərkib hissəsi olan bu prosesin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.