Bu gün futzal üzrə Yüksək Liqada IV dövrəyə start verilib.

Matc.az xəbər verir ki, XVI turun ilk oyununda lider “Araz-Naxçıvan” ən yaxın izləyicisi oloan “Baku Fire”lə üz-üzə gəlib. Nominal qonaqlar oyuna əsas qapıçısız çıxıb. Belə ki, “Neftçi” İKİ ilə matçda qırmızı vərəqə alan Kamran Hacıyev bu dueldə komandasına kömək edə bilməyib.

Oyuna gəldikdə, “Baku Fire” ilk dəqiqələrdən “5-in 4-ə” oynamağa üstünlük verdi. Fasiləyə qədər hər iki tərəfin hesabı açmaq imkanı olsa da, qapılar toxunulmaz qaldı. Həm qeyri-dəqiqlik, bəzi epizodlarda isə qapıçıların düzgün mövqe seçməsi tərəflərə qol sevinci yaşamağa imkan vermədi. İkinci hissədə gərginlik davam etdi. Hətta 33-cü dəqiqədə Matteus 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. Lakin cəmi 5 saniyə sonra künc nöqtəsindən ötürülən topu Adamov tora qovuşdurmaqla komandasına üstünlük qazandırdı. Sonrakı 2 dəqiqə ərzində “Araz-Naxçıvan” azı 3 real qol epizodunu qaçırdı. “Baku Fire”də Kənan Manafovla cavab verməyə yaxın oldu. Son dəqiqədə isə Giovanny boş qapını nişan almaqla matçın yekun nəticəsini müəyyənləşdirdi.

İkinci oyuna gözlənildiyi kimi, “Neftçi” fəal başladı. İlk 10 dəqiqədə nominal meydan sahibləri 3:0 hesabı ilə öndə idi. Fasiləyə qədər qapılara başqa qol vurulmadı. İkinci hissədə də azarkeşlər qollar izlədi. Yekunda qələbə qazanan “Neftçi” İK turnir cədvəlində ikinci pilləyə yüksəldi. Oyunun 34-cü dəqiqəsində “Neftçi”nin 2 futzalçısı bir-birini vurduğuna görə qırmızı vərəqə aldı. 

Turun son matçında hesabı “Yasamal Bakı” açsa da, qələbəni U-19 qazandı. 

Araz-Naxçıvan – Baku Fire (0:0) 2:0
Qollar: Roman Adamov, 32:25, Giovanny, 39:24

Neftçi İK – Şuşa (3:0) 6:3
Qollar: Rüstəm Bağırov, 4:00 ö-q, Javad Haydari, 8:00, 9:30, Mirzə Əmirov, 26:11, 35:32, Abdul Ghafar, 38:06 // Vladislav Vorobyev, 25:28, Nüsrət Fərzəli, 30:25, Sadegh Javiditabar, 33:15

Yasamal Bakı – U-19 (3:4) 4:7
Qollar: Murad Ələkbərli, 4:20, İlqar Nuruşov, 15:30, Qüdrət Qasımzadə, 19:12, 28:43 // Rəvan Quliyev, 11:10, Cavid Mürvətli, 11:46 ö-q, Bəyoğlan Vəlizadə, 13:18, Oqtay Mahmudzadə, 17:08, Pünhan Qasımzadə, 25:58, 27:35, Azər Manafov, 34:40

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest