"Qəbələ" bəyanat yayaraq, akademiyanın fəaliyyətinin məhdudlaşdırılacağını açıqlayıb. Bölgə klubu bu qərarın maliyyə problemi ilə əlaqədar olduğunu bildirib.

Ölkə futbol ictimaiyyəti AFFA-nı tənqid edir, federasiyanın kluba dəstək olmadığını deyir.

Maraqlıdı, federasiya klublara niyə maddi cəhətdən dəstək olmalıdı? Dünyanın hansısa ölkəsində belə bir şey varmı? Hansısa ölkədə hər hansı klubun akademiyasını federasiya saxlayır?

Azərbaycanda bütün klublara dövlət tərəfindən hər il maliyyə dəstəyi olur. Bu rəqəm liqalara görə dəyişir. Ötən mövsüm Premyer Liqa klublarına 3 milyon, I Liqa təmsilçilərinə 300 min, II Liqada mübarizə aparanlara isə 50 min manat maliyyə vəsaiti ayrılıb.

"Qəbələ" 2024/2025 mövsümündə I Liqada çıxış edib. Digər iştirakçılar kimi "qırmızı-qaralar"a da mövsüm ərzində 300 min manat maliyyə yardımı edilib. Bundan başqa, AFFA "Qəbələ"yə 700 min manat da "əl tutub". Akademiya və infrastrukturun saxlanılması üçün.

Bəlli olduğu kimi, ötən ilin noyabrında UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçı Qəbələdə baş tutub. Federasiya həmin zaman stadionda müəyyən işlər gördü, xeyli pul xərclədi. Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları son bir ildə Qəbələdə təlim-məşq toplanışlarında olub. Burada da əsas məqsədin "Qəbələ" klubuna dəstək olduğu barədə fikirlər səslənir.

"Qəbələ" I Liqada çempion olub və növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq. Təbii ki, əyalət təmsilçisinin gəliri də artacaq. Bütün elita təmsilçiləri kimi, bu klub da dövlətdən 2,5 milyon manat vəsait alacaq. Belə olan halda, nədir bu "məhdudlaşdırma"nın səbəbi?

AFFA ötən mövsüm Premyer Liqa klublarının hər birinə uşaq futbolunun inkişafı üçün 500 min manat pul ayırıb. Klublar bunun hesabatını verirlər. Kimin hesabatı səhvdirsə, pulu düzgün xərcləməyibsə, 500 min manatın hamısını ala bilmir. "Qəbələ" 2023/2024 mövsümündə aşağı liqaya düşdüyü üçün həmin məbləği ala bilməyəcəkdi. Buna görə ötən mövsümün əvvəlində klubla AFFA rəsmiləri arasında görüş olub və həmin görüşdə danışılmışdı ki, "Qəbələ" akademiya və infrastruktura 1 il ərzində xərclədiyi minimum büdcəni hazırlasın. Klub bu işlərə 1,4 milyon manat vəsaitin sərf olunduğunu bildirdi. Bundan sonra AFFA "Qəbələ"yə 700 min manat yardım ayrılacağını açıqlamışdı. Həmin məbləğ kluba mövsümün sonunda, aprel-may aylarında verildi. O vaxta qədər klub başlı-başına buraxılıb. "Qəbələ"in öz imkanları olmasaydı, o vaxta qədər akademiya və infrastruktura baxa bilməyəcəkdi.

AFFA kluba dəstək olmaq üçün aşağı yaş qruplarından ibarət milli komandaların təlim-məşq toplanışını Qəbələyə salıb, əsas milli də Estoniya ilə oyunu bu şəhərdə keçirdi.

Əvvəla, milli komandaların toplanışları bir neçə dəfə Qəbələdə təşkil olunub. Bu həm kluba dəstək üçündü, həm də onsuz da təlim-məşq toplanışı keçməyə başqa yer yoxdu. Millilər rəsmi oyunlarını təbii örtüklü meydançada keçirir. Bakıda məşq etmək üçün təbii örtüklü meydança yoxdu. Həm də komandaların səfərə getdiyi ölkələrin əksəriyyətinin iqlimi Qəbələyə uyğun olur. Məşqçilər özləri də burada toplanış keçmək istəyir. Təlim-məşq toplanışlarının Qələbədə keçirilməsi təkcə kluba dəstək deyil, AFFA-nın özünə də yarayır. Estoniya ilə matç isə COP-29-a görə Qəbələdə keçirilib, kluba kömək etməyə görə yox. Çünki başqa variant mümkünsüz idi.

Bizdə olan məlumata görə, Klublar Komitəsinin iclasında əksər klublar bildirib ki, əvəzedicilər liqasının keçirilməsini istəmirik. Kim ikinci komandasının olmasını istəyirsə, saxlasın, I və II Liqada oynatsın. İkinci komandanın 1 illik minimum xərci 500 min manat civarındadır. "Qəbələ" planlaşdırırdı ki, əvəzedici komandanı ləğv edib, həmin 500 min manatı akademiya və infrastruktura xərcləyər. AFFA İcraiyyə Komitəsinin iclasında əvəzedicilər liqasının qalması ilə bağlı qərar qəbul edildi. Bundan sonra əlavə gəliri olmayan "Qəbələ" akademiyanın fəaliyyətini məhdudlaşdırmaq qərarı verdi.

matc.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest