Peşəkar Futbol Liqası və "Misli"nin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş, idman jurnalistləri arasında intellektual yarış keçirilib.
Matc.az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb.
Dövlət Vergi Xidmətinin Şamaxı tədris mərkəzində baş tutan yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edən 12 komandanın adları verilib.
Tamamilə Azərbaycan futboluna həsr olunmuş suallar əsasında keçirilən yarışda sona qədər gərgin mübarizə gedib. Belə ki, qalib "qızıl oyun"da müəyyənləşib. Yekunda "Sumqayıt" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.
Tədbirin sonunda çempion "Sumqayıt" komandasına kubok və medallar təqdim edilib. Turnirdə qaliblə yanaşı, ikinci və üçüncü yerin sahibləri də pul mükafatı qazanıb.












