Azərbaycan çempionu adını qazanan qadınlardan ibarət "Turan" voleybol komandası doğma Tovuz rayonunda böyük coşqu və qürur hissi ilə qarşılanıb.
Matc.az xəbər verir ki, qələbə münasibətilə təşkil olunan tədbirdə rayon ictimaiyyəti, idmansevərlər və gənclər komandanı alqışlarla qarşılayıblar.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan çempionluğunu qazanan komanda üzvlərinin təntənəli şəkildə rayona gətirdikləri kubok ictimaiyyətə təqdim olunub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov və komanda kollektivinin iştirakı ilə qalib komanda ilə görüş keçirilib.
Görüş zamanı çıxış edən RİH başçısı Məmməd Məmmədov "Turan" voleybol komandasını tarixi uğur münasibətilə səmimi-qəlbdən təbrik edib, bu qələbənin Tovuz rayonunun idman həyatında mühüm hadisə olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə idmanın inkişafı və gənclərin sağlam ruhda böyüməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan idmanı ildən-ilə yeni uğurlara imza atır. Qeyd olunub ki, "Turan" komandasının qazandığı bu çempionluq da həmin siyasətin bariz nümunəsidir və Tovuz gəncləri üçün böyük nümunədir.
Sonra "Turan" voleybol komandasının üzvlərinə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.







_1776883012.jpg)




