Braziliyanın "Flamenqo" klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi Jorjinyo dopinq skandalı ilə gündəmə gəlib. Matc.az xəbər verir ki, İtaliya millisinin sabiq ulduzunun verdiyi dopinq testinin nəticəsi müsbət çıxıb. Bu barədə məlumatı jurnalist Tiaqo Asmar "X" sosial şəbəkə hesabında paylaşıb.
Məlumata görə, dopinq nümunəsi oktyabrın 23-də "Kopa Libertadores"in yarımfinal mərhələsinin "Estudiantes"lə (Argentina) keçirilən cavab matçından dərhal sonra götürülüb. Hər iki qarşılaşması 0:0 hesabı ilə başa çatan duel penaltilər seriyasına qədər uzanıb. "Flamenqo" seriyada məğlub olaraq turnirlə vidalaşıb; Jorjinyo isə öz penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Mənbə bildirir ki, futbolçunun "B" nümunəsi oktyabrın 27-də açılacaq. Əgər ikinci test də qadağan olunmuş maddənin varlığını təsdiqləyərsə, 34 yaşlı yarımmüdafiəçi 6 aydan 2 ilə qədər diskvalifikasiya oluna bilər.
Qeyd edək ki, Jorjinyo 2021-ci ildə İtaliya yığmasının heyətində Avropa çempionu olub. Ötən ildən "Flamenqo"nun şərəfini qoruyan futbolçu daha əvvəl "Arsenal", "Çelsi", "Napoli" və "Verona" kimi klublarda çıxış edib. O, "Çelsi" ilə Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub, "Napoli"də isə İtaliya Kuboku və Superkubokunu qazanıb.








_1789752417.png)


_1792790605.jpg)

