Topaz Premyer Liqasında IX turunda "Qarabağ"a 3:1 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycan derbisində bir neçə uğursuz seriyaya son qoyub. Matç.az saytı xəbər verir ki, paytaxt təmsilçisi doğma divarlar arasındakı qələbə həsrətini bitirib.
Düzdü, yalnız son oyunda – cari mövsümün ilk duelində "ağ-qaralar" qalib gəlməmişdi. Bundan əvvəlki – ötən mövsümün 4-cü derbisində "Neftçi" 3 xala sevinmişdi. Lakin mayın 6-da keçirilən görüş səfərdə baş tutmuşdu.
1064 gündən sonra
Bakı klubunun evdəki son qələbəsi isə 2015/16 mövsümünə təsadüf etmişdi. 2015-ci il noyabrın 29-da 1 qolla qələbə qazanan "ağ-qaralar" sonrakı 5 ev matçında 3 xal nə olduğunu bilmirdi.
2015/16 mövsümünün ikinci ev oyununda 1:2, növbəti çempionatda 0:2 və 1:2 hesabı ilə uduzan "Neftçi" ötən turnirdə 1 xal qoparıb – 1:3, 0:0. Göründüyü kimi son 5 görüşdə meydan sahibləri 1 heç-heçə və 4 məğlubiyyət görüblər. Təxminən 35 ay, 1064 günlük həsrət "Bakcell Arena"da başa çatıb.
7 il 7 ay gözlənən qələbə
Son illərdə rəqibini yalnız 1 top fərqilə məğlub edə bilən "Neftçi" bu dəfə daha inamla qalib gəlib. "Ağ-qaralar"ın iki top fərqli son qələbəsi təxminən 7 il 7 ay əvvələ təsadüf edib. 2011-ci il aprelin 3-də paytaxt klubu "Qarabağ"ı 2:0 hesabı ilə yenib. Növbəti belə qələbə 2765 gündən sonra qeydə alınıb. Hərçənd bu müddətdə 30 oyun keçirilib və "ağ-qaralar" 6 dəfə minimal fərqlə qələbə əldə edib.
"Ağ-qaralar"ın 3 qol sevinci
"Qarabağ"ın "Neftçi"dən 3 və ya daha çox top buraxdığı son matç da 2011-ci ilə təsadüf edib. Oktyabrın 25-də bakılılar 3:2 hesabı ilə qələbə qazanıb. "Ağ-qaralar"ın azarkeşləri belə məhsuldarlığı 2560 gün və ya 28 oyun gözləməli olub.
İndi qələbə həsrəti "Qarabağ"dadı
"Neftçi" üç – evdə qələbə, 2 top fərqli qələbə və 3 qol həsrətinə bir gündə son qoyubsa, "Qarabağ"ın duellərdəki uğursuz seriyası uzanıb. Qurban Qurbanovun yetirmələri 4 matçdı rəqibini yenə bilmir.
Son belə qələbə 2017-ci il dekabrın 1-də qeydə alınb – 1:0. 2018-ci ildəki görüşlərdə iki dəfə heç-heçə edən ağdamlılar iki dəfə uduzub. ötən mövsümün son iki matçında qola həsrət qalan Qurbanovun komandası (0:0, 0:1) cari çempionatda hər iki matçda qol vursa da (1:1, 1:3) qalib gəlməyib.
Sonuncu belə seriya 2011/12 mövsümünə təsadüf etmişdi. Onda paytaxt futbolçuları ardıcıl 4 derbidə xal qazanmışdı: 3 qələbə, 1 heç-heçə.