"İlk görüşdəki məğlubiyyətə baxmayaraq, komanda yaxşı əhval-ruhiyyədə idi. Çünki evdə yaxşı oyun göstərib, bu rəqibə qalib gələcəyimizə inanırdıq. Hamımızda bu inam var idi. Matça çox rahat hazırlaşırdıq".

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, futbolçu əvvəlcə oyun haqda danışıb.

- İlk görüşdəki məğlubiyyətə baxmayaraq, komanda yaxşı əhval-ruhiyyədə idi. çünki evdə yaxşı oyun göstərib, bu rəqibə qalib gələcəyimizə inanırdıq. Hamımızda bu inam var idi. Matça çox rahat hazırlaşırdıq. Artıq rəqibi də yaxşı tanıyırdıq. Gözlədiyimiz kimi oynadılar. Buna hazır idik. Sona qədər nizam-intizamı qoruyub-saxlamağa çalışdıq ki, üstünlüyümüzü əldən verməyək. Sevinirik ki, 2:1 hesablı qələbə qazandıq və qrupa düşdük.

- Düşünümürsünüz ki, 2-ci qolu gec vurdunuz? Halbuki daha tez vurub, rahat oynaya bilərdiniz...

- İkinci qolu sona yaxın vurduq. Futboldu, yaxşı imkanlarımız oldu. Sadəcə, istifadə edə bilmədik. Qismət belə oldu ki, sonlarda fərqlənə bildik.

- Hesab 1:0 olarkən komandada gərginlik var idi?

- Əlbəttə. 1:1 rəqibə sərf edirdi. Bu hesabla qrup mərhələsinə onlar yüksəlirdi. çalışırdıq ki, həm müdafiədə yaxşı oynayaq, həm də ikinci qolu vuraq və bir az rahat olaq. İkinci qol isə gec gəldi, məcbur olduq ki, 90 dəqiqə əziyyət çəkək.

 - Yəqin ki, qol buraxdıqdan sonra hər şey daha da gərginləşdi...

- Əlbəttə, rəqibin 2-ci qolu vurması üçün vaxt var idi. Buraxdığımız top da göstərdi ki, sonlara doğru hardasa rahatlaşmışdıq. Bu gün heç bir rəqiblə rahat oynamaq olmur.

- Ardıcıl 6-cı dəfə avrokuboklarda qruplara qaldınız. Bu dəfə məqsəd nə olacaq? Sizcə, yeni hədəflər üçün komanda güclənməlidimi?

- İnanaq ki, qrupumuza ağır komandalar düşməyəcək. Rəqiblərimizi tanıyandan sonra necə oynamalı olduğumuzu biləcəyik. Yeni oyunçularla bağlı baş məşqçi özü iş aparır. Nə alınırsa, edirlər.

- "Mançester Yunayted"lə eyni qrupa düşmək istərdiniz?

- Bəlkə də, bütün azarkeşlər "Mançester Yunayted"lə eyni qrupa düşməyimizi istəyir ki, Bakıda onları izləsinlər. Belə bir şey baş versə, əlbəttə ki, bizim üçün ağır olacaq. Qismət nədisə, o da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest