“Zirə”nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, bu matçda penaltini boşa verən təcrübəli futbolçu oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:
 
- “Sabah” ilk 15 dəqiqəyə yaxşı başladı, bizdən çox top saxlayırdılar. Hesabda geri düşəndən sonra daha da rahatlaşdıq, çünki itirəcəyimiz bir şey yox idi. Şükürlər olsun ki, tələsik futbol oynamadıq. Çalışdıq ki, səbirlə, asta-asta, oyuna diqtə edə-edə hücumlar quraq. Bunu da bacardıq. Həqiqətən də xeyli sayda hücumlar etdik. Bunlar kortəbii hücumlar deyildi. Bilmirəm, fikir verirdiniz, yoxsa yox, məntiqli hücumlar təşkil edirdik. Cinahları tez-tez dəyişirdik. Sonradan penalti hüququ qazandıq. Ağ nöqtəyə yaxınlaşsam da, rəqib qapıçını məyus edə bilmədim. Qol vursaydım, bəlkə də qalib gələrdik, bilmirəm. Futboldur, belə şeylər çox olur. Xarakter göstərdik, hesabı bərabərləşdirdik. Hücumlara davam etsək də, tablodakı rəqəmləri dəyişdirə bilmədik. 
 
- Məntiqli hücumlar etdiyinizi vurğuladınız. İlk hissədə cinahlaradn ötürmə edilirdi, ancaq rəqibin cərimə meydançasında heç kim olmurdu.
- Elə mən də onu deyirəm də. Hücum nədir? Üç-dörd ötürmə ilə keçirsən cinahlara və ötürmə edirsən cərimə meydançasına. Cinahlardan gələn ötürmədən sonra nöqtəni qoymaq lazımdır. Son nöqtəni qoymaq tam baş şeydir. Orada hücumçu olmaya bilər. Ancaq hücum təşkil etmək və topu ora daşımaq fərqli hadisələrin gedişatından xəbər verir. Hücumlar var idi. Sadəcə, yaxşı asmalar olmurdu, ya da ötürülən yerdə oyunçu tapılmırdı. Yəqin ki, bunun da üzərində çalışacağıq. Əsas odur ki, ora qədər gedib çıxa bilirdik, özü də rahat irəliləyirdik. Yenə vurğulayım ki, ilk 15 dəqiqədə rəqib topa nəzarət etdi, ancaq qol buraxdıqdan sonra fikir verdinizsə, başladıq asta və sakit oynamağa. Top saxladıq, cinahları dəyişdik və bu tempdə davam etdik.
 
- “Sabah”ın baş məşqçisi Elşad Əhmədov bildirdi ki, “Zirə” ikinci hissədə bizi müdafiədə oturmağa məcbur elədi. Bunu ilk hissədə niyə bacarmadınız?
- Ola bilər ki, oyunun ajiotajı, məsuliyyəti... Bəzən elə olur ki, matça elə ciddi hazırlaşırsan ki...“Sabah”la “Zirə” bir-birinə layiq rəqiblərdir. “Qarabağ”la “Neftçi” başqa, “Zirə” və “Sabah” tam başqa. Bəlkə də bunun nəticəsində ilk hissədə futbolçular mən də daxil olmaqla daha çox sıxılırdı. Ancaq hesabda geri düşəndən sonra rahatlaşdıq. 
 
- “Qarabağ”la “Neftçi”nin başqa səviyyədə olduğunu söylədiniz. Ancaq “Zirə” “Neftçi”ni məğlub edi, “Sabah” isə səfərdə xal alıb. “Sabah” və ya “Zirə” “Neftçi”nin yerini tuta bilər?
- Əlbəttə, tuta bilər. Ancaq reallığa söykənsək, “Neftçi” hər iki klubdan güclüdür. “Neftçi” Avropa Liqasından gəldi və psixoloji eniş yaşayırdı. Bizə qarşı oyunlarına görə bəhanələr və ya hansısa nüanslar gətirmək istəmirəm. Reallıqda “Neftçi” və “Qarabağ” bizdən çox güclüdür.
 
- Milli komandaya Nikola Yurçeviçin dönəmində ilk dəfə dəvət aldınız. Düşüncələriniz necədir?
- Sözün düzü, dəvəti çoxdan gözləyirdim. “Qəbələ”də kubokun finalından sonra bu dəvəti gözləyirdim. Ancaq dəvət gözləsəm də, “yaşıl işıq” yanmırdı. Düzdür, bizi seçmə mərhələdə Uels və Xorvatiya ilə çətin oyunlar gözləyir. Gəlin, real danışaq. Xorvatiya ilə ilk oyunda uşaqlar səfərdə yaxşı çıxış etmişdi. Nəsə etməyə çalışacağıq.
 
- “Qəbələ”də yaxşı oynasan da, yığmaya dəvət almırdın son dönəmlər. Bu barədə media mənsubları da qeyd edirdi. “Zirə”yə gələndən sonra iki oyun keçirib, milliyə çağırıldın. Yurçeviç bu iki oyunda səndə nəyi kəşf etdi ki, sənə dəvət yolladı?
- Bu sualı ona ünvanlasanız, daha yaxşı olar. Elə oldu ki, “Zirə”yə keçəndən sonra çağırıldım. Bunu cabalaya bilmərəm axı. Onun fikrini bilmirəm.
 
- Cavid Hüseynov sərrast penalti vuran futbolçu kimi tanınır. Bu gün ağ nöqtəyə sanki inamsız yaxınlaşdınız.
- İndiyə kimi 14-15 dəfə penalti yerinə yetirmişəm. Onlardan cəmi birində Emil Balayev “Səbail”də çıxış edən zaman topu tutmuşdu. Özümdən bu cür biabırçı zərbə gözləmirdim. Bilmirəm, niyə belə oldu. Özümü də incələyə bilmədim. Həmişə sona kimi qapıçının hərəkətini gözləmişəm. Bu dəfə fərqli oldu.
 
- Sabiq komandan “Qəbələ”də Sənan Qurbanov baş məşqçi postundan getdi. “Qəbələ”də bundan sonra vəziyyət düzələ bilər? Komandada problem baş məşqçidə idi?
- Mütəmadi olaraq, onlarla əlaqədəyəm, hər gün danışıram. Azarkeşindən tutmuş prezidentinə kimi bir-birimizə sevgimiz o qədər böyükdür ki… Bu, normal haldır. Komanda Avropa Liqasında və Premyer Liqada ilk üç tur uduzdu. Bu nəticələrdən sonra da baş məşqçi istefa verdi. Götürsək, bu gün “Qəbələ”nin potensialı elə də yüksək deyil. Baş məşqçi istefa verdi, gələcəkdə bilmirəm ki, nə baş verəcək, kimi gətirəcəklər.Yerli və ya xarici mütəxəssis olacaq? Onu bilirəm ki, çətin olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest