Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş yığmanın hücumçusu Kriştiano Ronaldo ilə yaşanan münaqişədəki mövcud vəziyyətdən danışıb və kapitanın komandaya qayıtma şərtini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın nüfuzlu "Record" nəşri məlumat yayıb.
Bildirilir ki, mütəxəssis hücumçu barədə bunları deyib: "Bir il ərzində mən Kriştiano Ronaldonun bir futbolçu kimi, xüsusən də uşaqlar üçün nə demək olduğunun şahidi oldum. O, qlobal ikonadır. Məhz buna görə də oyundan sonra dedim ki, Kriş milliyə yalnız özü belə qərar verəcəyi təqdirdə qayıdacaq. Buna heç bir şübhəm yoxdur.
Aramızda yaranan vəziyyət şişirdilib. Bir sıra şəxslər bura müdaxilə etdi və əslində mövcud olmayan bir problemi böyütdülər. Baş məşqçi futbolçunu - hətta bu statusda olan birini - isinmə hərəkətlərinə göndərdi, lakin oyuna buraxmadı və bundan problem yaratdılar. Hesab edirsiniz ki, bu, Kriş kimi bir simvolun milli komandadakı çıxışını bu qədər qəfil başa vurması üçün əsasdır? Mən onun qalmasını istəyirəm. O bilir ki, karyera nə vaxtsa başa çatacaq, çünki heç nə əbədi deyil. Amma mən istərdim ki, o, yığmadakı çıxışını özü istədiyi kimi dayandırsın. Qərar onundur. Biz məhz bu barədə danışdıq".
Kriştiano Ronaldo baş məşqçi Jorje Jezuşun münaqişənin olmaması barədə bəyanatlarına baxmayaraq, Millətlər Liqasının Danimarka ilə keçirilən 3-cü turunun oyunundan (4:2) əvvəl millinin düşərgəsini tərk edib. Bir sıra Portuqaliya KİV-ləri Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurmaq niyyətində olduğunu xəbər verib.
Həmçinin Jezuşun hücumçu ilə barışıq görüşünə razılıq verdiyi və oyunçunu noyabr matçlarının sifariş vərəqəsinə daxil etmək niyyətində olduğu bildirilir.




_1791175913.jpg)








