UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində keçirilən İsrail – İrlandiya matçında (1:1) İsrail yığmasının futbolçularının davranışı ilə bağlı araşdırmalara başlayacaq.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Diario AS" nəşri məlumat yayıb.

Bildirilir ki, qarşılaşma zamanı İsrailin dövlət himni səsləndirilərkən bəzi irlandiyalı futbolçular nümayişkaranə şəkildə başlarını aşağı dikiblər. Lakin əsas insident ilk hissə başa çatdıqdan sonra qeydə alınıb. İrlandiyalı oyunçuların iddiasına görə, komandalar tribunaltı otağa yollanarkən ara qarışıb və bu zaman İsrail millisinin futbolçularından biri rəqibin məşqçilər heyətinin üzvlərinə tərəf tüpürüb.

İrlandiya yığmasının baş məşqçisi Heymir Xallqrimsson hadisə yerində olsa da, bunu görmədiyini və məsələni intizam komitəsinin ixtiyarına buraxdığını bildirib: "Kiminəsə tüpürülməsi ilə bağlı ittiham irəli sürülüb, amma mən bunu görmədim və bu barədə danışmaq istəmirəm. Komandalar arasında baş verən hər bir hadisə kimi, bu da araşdırılacaq. Mən orada idim. Şərh verməyəcəyəm. Bu məsələ, yəqin ki, intizam komitəsi tərəfindən araşdırılacaq".

Görüşün baş hakimi Xose Luis Munuera Monteronun hesabatından sonra iştirakçılara tətbiq olunacaq cəza tədbirləri bəlli olacaq.

Xatırladaq ki, İrlandiya tərəfi fələstinlilərə qarşı hərbi siyasətə etiraz olaraq İsraillə ev oyununun yerini dəyişmiş, gələcək püşkatmalarda komandaların qruplarının ayrılmasını tələb etmiş, lakin bu təklif UEFA tərəfindən rədd edilmişdi. Matçdan öncə isə Xallqrimsson İsraili Qəzzada soyqırım törətməkdə ittiham etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest