"Bu, bizi də narahat edir. Suala cavab verə bilməyəcəm. Çünki futbolçuların yerinə mən qərar verə bilmərəm. Ancaq düşünürəm ki, qışadək komandanı tərk edən olmayacaq"

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində evdə “Qarabağ”a 0:4 məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb. 
 
- “Qarabağ”ı Avroliqanın qrupuna düşməsi, bugünkü qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 2 qələbədən sonra məğlub olmaq istəmirdik. Bilirdik ki, rəqib səhvləri bağışlamır. İlk dəqiqələrdə buraxdığımız qol gözlənilməz oldu. Toparlanmaq istədik, ancaq “Qarabağ”la bunu həyata keçirmək çətindi. Zəncirvari səhvlər belə acı məğlubiyyəti şərtləndirdi. Etiraf edək ki, “Qarabağ” digər komandalardan xeyli üstündü. Ruhdan düşmürük, növbəti oyunlara hazırlaşacağıq.
 
- Bir qol buraxan kimi, komanda “sındı”? Bəlkə komandanız rəqibin nüfuzundan qorxdu?
- İlk qoldan sonra bərabərlik qolunu vura bilərdik. Üstünlüyü ələ aldıq. “Qarabağ” Avroliqada rəqiblərini əzir, bizdə isə təmkinli oynayan futbolçu barmaqla sayılası qədərdi.
 
- Hər oyundan sonra bir futbolçu komandanızdan ayrılar. Bu dəfə növbə kimindi?
- Bu, bizi də narahat edir. Suala cavab verə bilməyəcəm. Çünki futbolçuların yerinə mən qərar verə bilmərəm. Ancaq düşünürəm ki, qışadək komandanı tərk edən olmayacaq.
 
- Maykl Essyen necə, getmək istəmir?
- Essyen özü qərar verməlidi. Belə müraciət etməyibsə, deməli, onu bu durum qane edir.
 
- Essyen ehtiyatda qalacaq?
- Strategiya dəyişib. İndi gənclərə daha çox şans veriririk. Ancaq bu, o demək deyil ki, Maykl bu gün oynamadısa, ona növbəti görüşlərdə də şans verməyəcəyik.
 
- Oyunçular gedir, “Qarabağ” hamıdan üstündü, ok. Bəs, “Səbail” nəyin hesabına 6 xal qazanıb?
- “Zirə” və “Sumqayıt” üzərində qələbə qazanmışıq. “Qarabağ” fərqli səviyyədədi.
 
- Belə çıxır ki, “Səbail” avrokubok zonası uğrunda mübarizə aparmaq iqtidarındadı?
- “Keşlə”nin də 6 xalı var. “Zirə” də yaxşı heyətə malikdi. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmayıb. Düzdü, ötən il də belə bir məqsəd yox idi. Çalışacağıq bu zona uğrunda mübarizədən qopmayaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest