Aparılan araşdırmalardan sonra bir çox klub və futbolçu maliyyə sanksiyaları, eləcə də diskvalifikasiyalarla üzləşib.
Azərbaycan II Liqasında II turun oyunlarından sonra İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Aparılan araşdırmalardan sonra bir çox klub və futbolçu maliyyə sanksiyaları, eləcə də diskvalifikasiyalarla üzləşib.
"Qaradağ Lökbatan" ilə oyunda 5 futbolçusu sarı vərəqə görən və ikinci hissəyə gec çıxan "Şirvan" klubu ümumilikdə 370 manat cərimə olunub. "Ağdaş" - "Şəmkir" matçında isə hər iki komanda intizamsızlığa görə zərər çəkib. Hər iki klubun 5 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat cərimə kəsilib. Bundan əlavə, təşkilati-texniki öhdəlikləri pozan və Təcili Tibbi Yardım avtomobilinin gecikməsinə səbəb olan meydan sahibi "Ağdaş" əlavə olaraq 300 manat ödeməli olacaq.
"Dinamo" - "Zəngəzur" qarşılaşması da cəzasız ötüşməyib. Hakimin qərarına etiraz edərək qırmızı vərəqə alan "Dinamo"nun futbolçusu Əli Məmmədli 1 oyunluq cəzalandırılıb, klubu isə 250 manat cərimə edilib. Protokolu elektron bazada gec təsdiqləyən və oyunçusu Firuz Əhmədov qırmızı vərəqə alan "Zəngəzur" isə cəmlə 200 manat ziyana düşüb. Firuz da növbəti matçı buraxmalı olacaq.
Turun ən ağır cəzası "Difai" klubuna kəsilib. "Marafon"la matçda Fəzail Şirxanzadə qırmızı vərəqəyə görə 1 oyunluq uzaqlaşdırılıbsa, Emil Binyətzadə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib. Bu hərəkətə görə klub 1000 manat cərimə olunub. "Kür-Araz"ın futbolçusu Elxan Məmmədov təcavüzkar davranışa görə 3 oyunluq cəza alıb və klubu 300 manat cərimələnib. Son olaraq, "Hypers"lə matçda qırmızı vərəqə görən "Ağstafa Gəncləri"nin oyunçusu Eşqin Kərimli 1 oyunluq cəza alıb, klubu isə 50 manat ziyana düşüb.

_1789042859.jpg)











