Şəhər əfsanələri.

Bəzən azca doğruluq payı olsa da, çox vaxt ya məqsədli şəkildə uydurulmuş, ya da zamanla formasını dəyişmiş, əsas məqsədindən uzaqlaşmış klişe deyimlərə hər sahədə rast gəlmək olar.

Belə söhbətlər siyasətdə də var, iqtisadiyyatda da, idmanda da, ədəbiyyatda da.

Bu gün Azərbaycan idmanında geniş yayılmış, bir şəhər əfsanəsindən, milli komandamızın keçmiş futbolçusu, hazırda məşqçiliklə məşğul olan Tərlan Əhmədovun "vurduğu avtoqollar"dan danışmaq istəyirəm.

Avtoqol deyib keçməyin. Bu, meydanda bir futbolçunun başına gələ biləcək ən pis, ən məşum hallardan biridir. Hətta qapıların yerini səhv saldığına görə, həyatından olanlar da var.

Bu barədə danışarkən öncə kolumbiyalı Andres Eskobarın faciəvi ölümü yada düşür.

1994-cü ilin Dünya çempionatında ABŞ-la matçda Eskobarın öz qapısına vurduğu avtoqol ona həyatı bahasına başa gəldi. Kolumbiya millisi növbəti mərhələyə keçmək şansını itirdi, bunun da nəticəsi olaraq 10 gün sonra futbolçu doğma Medelyin şəhərində, öz şəxsi avtomobilində güllələndi.

Polis qatillərdən birini – Umberto Munosa Kastronu həbs etdi. Şahidlərin sözlərinə görə, Umberto futbolçuya 12 dəfə atəş açmışdı. O, hər tətiyi çəkəndə də "qol", "qol" deyə bağırırmış.

Doğrudur, Azərbaycanda öz qapısına qol vurduğuna görə hansısa futbolçunu öldürməyiblər, amma az qala milli komanda və ya ölkə çempionatında, hətta Avrokuboklarda belə vurulmuş bütün avtoqollar zamanı yada düşən bir nəfər var ki, yeri gəldi-gəlmədi onun adı hallanır.

Yuxarıda da qeyd etdiyim kimi, söhbət Tərlan Əhmədovdan gedir.

Əvvəlcə onu deyim ki, Əhmədov milli komanda, Azərbaycan çempionatı və müxtəlif klublarla çıxdığı Avrokubok oyunlarında cəmi 1 (!) dəfə öz komandasını məyus edib. Bu da 2002-ci ildə Aç-2004-ün seçmə mərhələ oyunu zamanı İtaliya ilə qarşılaşmada olub. Sözügedən qarşılaşmada Tərlan 32-ci dəqiqədə hesabı açıb.

Vəssalam! Bu, Əhmədovun bizə məlum olan ilk və tək avtoqoludur. Ola bilər ki, keçmiş müdafiəçi müxtəlif illərdə legioner kimi çıxış etdiyi Rusiya, Ukrayna və İran çempionatlarında öz qapıçısını məyus etmiş olsun, amma bu barədə əlimizdə bir fakt, əsas yoxdur. Heç inanmıram ki, Tərlanı ittiham edənlərin hansısa belə bir fakta sahib olsun.

Qəribə olan budur ki, bu ittihamçılar, şəhər əfsanəsinin əsas daşıyıcıları heç bir fakta əsaslanmırlar. Tək istinad nöqtələri də budur: "Məncə, Tərlan daha çox vurmuşdu axı". Vəssalam. Harda vurub, kimlə oyunda vurub, nə vaxt vurub? Bilmirlər.

Bəs əslində vəziyyət necədir? Mən quru statistika ilə oxucunu yormağı sevmirəm, amma qəhrəmanımızı bu töhmətdən və ittihamlardan xilas etmək üçün güman edirəm ki, bir neçə faktı paylaşsam, yorucu olmaz.

Deməli, əvvəlcə başlayaq milli komandamızın beynəlxalq oyunlarda vurduğu avtoqollardan.

7 sentyabr 2002-ci il. Aç-2004-ün seçmə mərhələ oyunu Bakı.

Azərbaycan – İtaliya 0:2, Tərlan Əhmədov, 32 – hesabı açıb.

12 oktyabr 2002-ci il. Aç-2004-ün seçmə mərhələ oyunu Helsinki.

Finlandiya – Azərbaycan – 3:0, Emin Ağayev, 14 – hesabı açıb

14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü Dubay.

BƏƏ – Azərbaycan – 3:3, Emin Quliyev, 4 – hesabı açıb

26 mart 2005-ci il. Dç-2006-ın seçmə mərhələ oyunu Varşava.

Polşa – Azərbaycan – 8:0, Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib

29 may 2010-cu il. Yoldaşlıq görüşü. Bişofshofen.

Makedoniya – Azərbaycan – 3:1, Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib

7 sentyabr 2010-cu il. Aç-2012-nin seçmə mərhələ oyunu Köln.

Almaniya – Azərbaycan – 6:1, Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib

13 oktyabr 2014-cü il. Aç-2016-nın seçmə mərhələ oyunu Osiyek.

Xorvatiya – Azərbaycan – 6:0, Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib

1 sentyabr 2017-ci il. Dç-2018-in seçmə mərhələ oyunu Oslo.

Norveç – Azərbaycan – 2:0, Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib

23 mart 2018-ci il. Yoldaşlıq görüşü Bakı.

Azərbaycan – Belarus – 0:1, Maksim Medvedev

6 sentyabr, 2019-cu il. Aç-2020-nin seçmə mərhələ oyunu, Kardiff

Uels – Azərbaycan – 2:1, Pavel Paşayev, 26 – hesabı açıb

Gördüyünüz kimi, milli komandamızın beynəlxalq və yoldaşlıq oyunlarında 10 dəfə avtoqola üzülmüşüksə, bunlardan 4-ü hazırda Azərbaycan futbolunun ən avtoritetli, ən yaxşı futbolçusu hesab olunan Rəşad Sadıqovun ayağındadır.

Qalan 6 qola isə hərəsi bir dəfə olmaqla Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Avtandil Hacıyev, Maksim Medvedev və Pavel Paşayev öz imzalarını qoyublar.

Bu cəbhədə Tərlan Əhmədovun məsumluğunu isbat etdiyimizə görə, digər platformada – ölkə klublarının Avrokuboklardakı oyunlarında vurulan avtoqolla nəzər salaq.

1998/99 22 iyul. "Arceş" (Rumıniya) – "Dinamo" – 5:1, Rafael Əmirbəyov, 3

2004/05 27 iyul. "Qarabağ" – "Dukla" (Slovakiya) – 0:1, Azər Cabbarov, 62

2014/15 21 avqust. "Partizan" (Serbiiya) – "Neftçi" – 3:2, Denis Silva, 29, Elvin Yunuszadə, 69

2015/16 5 noyabr. "Borussiya" (Dortmund, Almaniya) – "Qəbələ" – 4:0, Serhey Zenyov, 67

2016/17 15 sentyabr. "Anderlext" (Belçika) – "Qəbələ" – 3:1, Rafael Santos, 41

20 oktyabr. "Sent-Etyen" (Fransa) – "Qəbələ" – 1:0, Rikardinyo, 70

2017/18 12 sentyabr. "çelsi" (İngiltərə) – "Qarabağ" – 6:0, Maksim Medvedev, 82

Göründüyü kimi, bu siyahıda da Tərlan Əhmədovun adı yoxdur. Keçmiş müdafiəçi Avrokubok oyunlarında öz qapıçısının "xətrinə dəyməyib".

Milli çempionatlar tarixində isə ən çox avtoqol vuran oyunçuların sayı 7-dir. Onlar hərəsi üç qolla siyahıya şərikli liderlik edirlər: Ruslan Abışov, Ayxan Abbasov, Saşa Yunisoğlu, Jairo Rodriges, Bədavi Hüseynov, Denis Silva, Natiq Qasımov.

Maraq üçün qeyd edim ki, Tərlan Əhmədov ölkə çempionatı oyunlarında heç bir dəfə də öz qapısını nişan almayıb.

Azərbaycan futbol tarixinin ən çox öz qapısına qol vurmuş oyunçusu olan Rəşad Sadıqov isə bir dəfə "Neftçi" – "Bakı" qarşılaşmasında rəqib komandanın xeyrinə fərqlənib.

Beləliklə, avtoqollar deyilən kimi yada düşən, müxtəlif zarafatların mövzusu olan Tərlan Əhmədovun əslində cəmi bir dəfə öz qapısına qol vurduğunu görmüş oluruq.

Azərbaycan futbolunun ən parlaq simalarından biri olan, hər kəsin avtoritetinə böyük hörmət bəslədiyi Rəşad Sadıqov isə düz 5 (!) dəfə öz komandasını "ziyana salıb".

Bəs, görəsən, niyə 5 dəfə öz qapısını nişan alan heç kimin yadına düşmür, amma bircə dəfə qapıların yerini səhv salan adamın adı hər dəfə mövzu açılanda dillərdə dolaşır.

El misalında da deyildiyi kimi, adın çıxınca, canın çıxsın, lətifəsi Tərlan Əhmədovdan uzaq.

Zaur XUDİYEV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest