“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirdikləri oyunu şərh edib. O, 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı öncə bunları söyləyib

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı öncə bunları söyləyib:
 
“Hesab gözlənilməz oldu. Rəqib APOEL-ə səfərdə 4 qol vurub qələbə qazanmış komanda idi. Buna görə də oyuna çox ciddi hazırlaşmışdıq. Çalışdıq ki, ilk dəqiqələrdən istəkli, aqressiv oynayaq. Rəqib topla oynamağı bacaran komandadı. Əsas odu ki, qələbə qazandıq. Bu, bizim üçün çox önəmli idi".
 
Sadıqov bir müddət yaşıl meydanlardan kənarda qalmasının səbəbini də açıqlayıb:
 
“Uzun müddət idi ki, xəstə idim. Bilirsiz ki, Bakıda virus gəzir. Demək olar ki, bir çox məşqlərdə iştirak edə bilmədim. Qurban müəllimin əsas prinsiplərindən də biri odu ki, meydana buraxdığı oyunçu tam hazır olsun. Mənə də nə vaxt şans verdi, bundan istifadə etməyə çalışdım".
 
Təcrübəli futbolçu matçın ilk yarısında qeydə alınan erməni təxribatından da danışıb: 
 
“Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, bizim qapının arxasından dron uçur, üstündə də əski var. Onun arxasınca qaçdım ki, o əski yerə enməsin. Bunu futbolçular arasında da danışdıq. Hakim yaxınlaşdı, dedim ki, bu, yerə enməməlidi. Hakim də bizi başa düşdüyünü dedi. Bildirdi ki, meydandan çıxmalıyıq. Əvvəlcə buna razı olmadıq. Hakim anlayışlı idi, bizə qarşı sərt sanksiyalar tətbiq etmədi. Fasiləyə gedəndə də Lüksemburqun idman naziri gəlib üzr istədi. Ona da bildirdim ki, bu, bizim üçün həssas məsələdi. Dron yenə qalxsaydı, biz oynamayacaqdıq. Legionerlərimiz də bu məsələyə həssas yanaşdılar".
 
Sadıqov bildirib ki, yaranmış fasilə zamanı diqqətli olmağa çalışıblar: 
 
"Həmin anda qarışıqlıq idi. Atacağımız hər hansı sərt addım bizə sarı vərəqə bahasına başa gələ bilərdi. Amma fasilədən sonra aqressiv olmadan oynadıq və istəyimizə çatdıq".
 
Rəşad komandasının qrupdan çıxmaq şanslarını da dəyərləndirib:
 
“Kim "Qarabağ"ı istəyirsə, qrupdan çıxmaq barədə danışmasın. İndi sadəcə, APOEL-lə matçları düşünməliyik. Hər bir matça final kimi yanaşaraq, hazırlaşmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest