"Keşlə"nin futbolçusu Xəzər Mahmudov Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Premyer Liqada ilk oyununuz idi. Həyəcanlı deyildiniz?

-  Bir az həyəcan var idi. Matçın çətin keçəcəyini gözləyirdik. Belə də oldu. Şükürlər olsun ki, "Qarabağ" kimi komandadan 1 xal ala bildik. Tərlan müəllim çox sağ olsun, bu cür oyunda şans verdi. Mən də əlimdən gələni etməyə çalışdım.

- Rəqibin "Qarabağ" olması sizə əlavə motivasiya vermirdi?

- Hamı istəyər ki, "Qarabağ"a qarşı oynasın. Motivasiyam da çox yaxşı idi. Meydana çıxıb, öz oyunumu oynadım.

- Sizcə oyununuz nə qədər alındı?

- Bunu mən deyə bilmərəm. Məşqçilər korpusu daha yaxşı bilir. Tərlan Əhmədovdan soruşsanız, daha yaxşı olar.

- Tərlan Əhmədov həmişə deyir ki, ehtiyat oyunçular skamyasında kasadlıq var, əvəzetmə üçün əlimdə yaxşı futbolçular yoxdur. Necə düşünürsünüz, qış fasiləsindən sonra Frutosun əvəzləyicisi ola bilərsinizmi? Yəni, Premyer Liqada çıxış etmək üçün özünüzü hazır hiss edirsiniz?

- Bəli, özümü hazır hiss edirəm. Rəqabətə də həmişə hazıram.

- Kubok qarşılaşmasında dubl etdiniz. Bunu növbəti oyunlarda təkrarlaya biləcəksinizmi?

- İnşallah, təkrarlayaram, daha yaxşı olar.

- Bu matç kubokda "Qarabağ"ı adlamaq baxımından nəyi göstərdi?

- Bunu gələcək göstərəcək. Allahın köməkliyi ilə keçərik.

- Yəni, ən azından  mübarizə aparmağın mümkün olduğunu gördünüz.

- Bəli. Məğlubedilməz komanda yoxdur. İnşallah, "Qarabağ"a qalib gəlib, mərhələni keçərik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest