Bu gün Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüş keçirib. Matc.az xəbər verir ki, qurum rəsmisi səhhətindəki problemlər üzündən görüşün gec alındığını və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

O, Azərbaycan çempionatı barədə danışıb. ötən il çox aşağı səviyyəli çempionatın keçirildiyini və bunu klubların maddi vəziyyəti ilə əlaqələndirib: "Vaxtilə Azərbaycan çempionatı ilk "3-lük"də idi. Yarışa əvvəlcə limitsiz, sonra isə limitlə legioner oynadırdıq. Oyunların səviyyəsi, klubların büdcəsi var idi. çempionat böyük rəqabət şəraitində keçirilirdi. 3 klubumuz çempionlar Liqasında çıxış edirdi. Amma indi elə büdcə yoxdu. Federasiya xərclərinin 90 faizi hazırkı prezident Cavid Qurbanovun üzərinə düşür".

Federasiya rəsmisi klublara 3-4 legioner gətirməyə icazə verdiklərini diqqətə çatdırıb. Qarayev legionerləri mənsub olduqları ölkənin milli federasiyalarının icazəsi olmadan milliləşdirməyəcəklərini söyləyib: "üstəlik, həmin oyunçular öz istəkləri ilə Azərbaycan millisini seçməli, bu ölkəyə bağlanmalıdılar. Klublarımız Cənubi Azərbaycandan kişi voleybolçular gətirmək istəyirlər. Mən isə İran Voleybol Federasiyası ilə razılaşdırdıqdan sonra onları gətirməyin mümkünlüyünü söyləmişəm".

Klubların federasiya tərəfindən ayrılmış 20-30 min manat büdcə ilə çempionata başlayacaqlarını deyən Qarayev məşqçilər arasında da sağlam rəqabətin başladığını diqqətə çatdırıb.

Qeyd edək ki, voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də start götürəcək. Kişilərin yarışında 7, qadınlarda isə 6 klub mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest