"Səbail”in qapıçısı Aleksandr Rıbka Ukrayna mətbuatına müsahibə verib. “Footboom.com” saytına danışan təcrübəli qolkiper Bakıda karantin günlərini necə keçirməsindən və çempionatın bərpa olunmasına futbolçuların nə qədər hazır olduğundan danışıb.

matc.az həmin müsahibəni təqdim edir:

- Azərbaycan çempionatının mayın 23-də başlayacağı gözlənilirdi...

- Bəli, hamı bərpa işinin 23-də baş tutacağını gözləyirdi. Karantinin mayın 31-dək uzadılması səbəbindən futbolun geri dönüş tarixi də yubandı. Hazırda nə olacağı bilinmir. Bununla belə, klubların cümə günü məşq prosesinə başlaya biləcəyi barədə söhbətlər var. Düzdür, hazırda heç bir yerdə rəsmi təsdiq yoxdur. Ölkə rəhbərliyi yaxın günlərdə bunu müzakirə etməlidir. Düzünü desəm, məşqə qayıtmaq istəyirəm. Deyəsən, indi başlamasaq, cari çempionatın oynanılması ehtimalı azdır. Bütün klublar və liqa rəhbərləri bunun baş verməsini istəmirlər. Federasiya mövsümü başa vurmaq üçün əlindən gələni edir.

- Ölkədəki koronavirusla bağlı ümumi vəziyyət necədir. Küçəyə çıxmaq üçün hələ də SMS göndərmək tələb olunur?

- Heç bir statistikaya inanmıram, amma karantin yumşaldıqdan sonra küçələrdə daha çox insan var. Bu da xəstəliyə yoluxanların artmasına səbəb oldu . Vəziyyət hazırda sadə deyil. Hər şey olduğu kimi qalır: ciddi və anlaşılmaz. SMS-ə gəldikdə, əvvəl çölə çıxmaq üçün iki saat verilirdi, indi üç saat ediblər.

-Klublar koronavirus testləri edirlər?

 -Yox, belə hallar olmayıb. Klub hələ heç bir test və ya sınaq keçirməyib. Düşünürəm ki, məşqlərə yaşıl işıq versələr, bütün klublar oyunçuları testdən keçirəcəklər.

- Çempionata tam hazır olmaq üçün iki həftə bəs edəcək?

- Bilmirəm, bütün dünya ilk dəfə belə bir problemlə qarşılaşıb. Qış fasiləsi təcrübəsindən göründüyü kimi, oyunçuların formaya düşməsi və matçlara hazır olması üçün iki-üç həftə kifayətdir. Azərbaycanda mövsüm davam edərsə, klublara üç həftə vaxt veriləcəyini vəd etdilər. Bu müddət özümüzə gəlmək üçün yetərli ola bilər.

- Meydana çıxmaqdan ehtiyat edən futbolçular var?

- Azərbaycandakı əksər futbolçuların belə narahatlığı yoxdur. Hamısı məşqlərin bərpasını istəyir. Adi həyat tərzinə qayıtmaq istəyirik. Şəxsən mən bir çox yoldaşım kimi, mövsüm yenidən davam edərsə, koronavirusla bağlı böyük qorxum yoxdur. Heç kimdən belə bir şey eşitməmişəm, əksini istisna etməzdim, çünki ünsiyyət qurmadığım çox oyunçu var.

- Belə vəziyyətdə klub əcnəbilərə necə kömək edir?

– Belə vəziyyətdə klublar xüsusi kömək etmir, edə bilmirlər. Onlar da oyunçular kimi gözləmə mövqeyindədirlər. Əgər çempionat başa çatsa, o zaman legionerlərə kömək etməklə məşğul olacaqlar. Klublar bildiriblər ki, çempionatın gələcəyi müəyyənləşəndən sonra xaricilərin vətənə qayıtmalarına kömək edə biləcəklər. Federasiya ilə birlikdə mövsüm davam etməzsə, hamını vətəninə gətirməyin yollarını axtaracaqlar. “Neftçi”dən Anton Krivotsyukla mövsüm bərpa olunmasa, evə dönmək üçün səfirliyi müraciət etməyə hazırlaşırıq.

- Bilirəm ki, bəzən oyunçularla görüşürsən...

- Əlbəttə, görüşməyə çalışırıq. Evdə o qədər otururuq ki, dəli ola bilərsiniz. Komandadan uşaqlarla görüşürəm. Bir neçə saat söhbət edirik, bir yerdə nahar edirik.

-Çempionatın bərpa olunmasına oyunçular necə hazırlaşır?

 - Dəqiq cavab vermək çətindir. Gələcək turnirin tamamilə fərqli variantlarını və ssenarilərini eşitdim, oyunçuların istəkləri də fərqlidir. Bir çox oyunçular futbolun oynanmasını istəyirlər.

-Ailənlə ayrı olmaq nə qədər çətindir, Ukraynaya qayıtmağı düşünürsən?

Ölkəmə qayıtmağı çox istəyirəm. Ailəmə və qohumlar üçün darıxıram. Yəqin ki, belə bir həyat tərzindən sonra psixoloji yorğunluq hələ də mövcuddur. Əlbəttə, belə uzun müddət yoldaşımdan, uşaqlarımdan, valideynlərimdən, qohumlarımdan uzaq olmaq çox çətindir. Hamısı üçün o qədər darıxıram ki, düzünü desəm, sözlərlə ifadə etmək olmur. Allaha şükür, indi texnologiya o qədər inkişaf edib ki, heç olmasa onlarla söhbət edib, bir-birimizi görə bilirik. Bu da ən azından bir şeydir.

- Karantini Bakıda keçirmək necə idi?

 - Düzünü deyim, bizə yalnız iki həftə məşq etməyəcəyimizi deyəndə, məndə anlaşılmazlıq oldu. Bu vaxtı evdə necə keçirə biləcəyim barədə heç bir təsəvvürüm yox idi. Ukraynaya getməyə çalışdım, amma sonra qalmağımı istədilər, çünki çempionatın yenidən başlaması üçün şərtlər var idi. Ancaq artıq iki aydır belə yaşayırlq. Bilirsiniz, insan hər şeyə alışır. Bakıdakı həyata tamamilə uyğunlaşdım. İlk üç həftə ağır idi, sonra ritmi yaxalya bildim.

- Bu müddət ərzində nə öyrəndiniz, yeni bacarıqlarınızı kəşf etdiniz?

- Çox sayda filmə, seriallara yenidən baxdım. İndi kulinariya işləri ilə məşğulam. Evə tam hazır vəziyyətdə gəlmək və qastronomik şedevrlərimlə ailəmi təəccübləndirmək istəyirəm (gülür) .

- Hansı yeməkləri artıq Rıbkanın “tacı” adlandırmaq olar?

- Düzünü desəm, artıq çox şey edə bilərəm, hətta borş bişirə bilirəm (gülür). Yəqin ki, son vaxtlar hazırladığım ən ləzzətli yeməklər sobada bişmiş toyuq və göbələkdir. İnanın, həqiqətən dadlı olur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest