Azərbaycan çempionu "Qarabağ"ın UEFA çempionlar Liqasının (çL) 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu, Moldovanın "Şerif" klubu olub.
 
Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun "Fola Eş" klubunu doğma meydanda 2:0 hesabıyla məğlub edərək buna nail olub.
 
Bununla da "Şerif" 3-cü dəfə "Qarabağ"la avrokuboklarda görüşəcək. Əvvəlki iki duel ardıcıl iki mövsüm - 2017/18 və 2018/19-da olub.
 
Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində çL-də ilk dəfə pley-offa yüksəlmişdi.
 
Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olmuşdular. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrupuna düşmüşdü.
 
Qeyd edək ki, "Qarabağ"la "Şerif" avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest