“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Qarabağ” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 50 yaşlı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib, həmçinin jurnalistlərin suallarını cavablandırıb.
Məmmədov əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
“Azərbaycan futbolunun tanınmasına həm məşqçi, həm də komanda olaraq böyük töhfə vermiş kollektivə qarşı oynadığımızı bilirdik. “Qarabağ” həmişə olduğu kimi, bu gün də yaxşı komandadır. Bizim üçün çox çətin və ağır oyun oldu. Hər şeyə rəğmən, düşünürəm ki, komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi.
Etiraf edim ki, birinci hissədə yaratdığımız qol epizodlarından yararlana bilsəydik, hesabda önə də çıxa və qələbə qazana bilərdik. “Qarabağ”ın da imkanları oldu. Məncə, bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Qarşılaşma da belə başa çatdı.
Gəncə şəhər stadionunu dolduran azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün bizə dəstək oldular və həmişəki kimi onların dəstəyini hiss etdik”.
Baş məşqçi ilk dəfə beşli müdafiə ilə oynamalarının səbəbini də açıqlayıb:
““Qarabağ”ı təhlil edəndə əsas güclərini cinahlarda görürdük. Həddindən artıq güclü, kreativ və yaradıcı futbolçuları var. Onların həm “Qəbələ”, həm də “Turan Tovuz”la oyunlarını təhlil etmişdik. Gördük ki, dördlü müdafiə ilə oynayan zaman rəqiblərin cinahlarında müəyyən boşluqlar yaranır və “Qarabağ” bundan rahat istifadə edir. Beşli müdafiəyə qarşı isə bunu etmək bir qədər çətinləşir.
Buna görə də milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən etibarən beşli müdafiə üzərində çalışmağa başladıq. Bu gün 5-3-2 sistemi ilə oynadıq. Düşünürəm ki, komanda iki səfər oyunundan sonra bu sistemdə də çox yaxşı çıxış etdi”.
Məmmədov ikinci hissədə komandanın təzyiqinin azalmasına yorğunluğun təsir etdiyini bildirib:
“Məni sevindirən məqamlardan biri komandamızın bu gün qol buraxmamasıdır. Ümumiyyətlə, son oyunlarda az qol buraxırıq. Bunun səbəblərindən biri kompakt oynamağa çalışmamız və əks-hücumlarda rəqibi cəzalandırmaq istəyimizdir.
Birinci hissədə komandamızın yaxşı imkanları oldu. Bununla razıyam. İkinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu var idi. Hər oyunda rotasiyalar etməyə çalışırıq. Ancaq etiraf edim ki, geniş ehtiyat qüvvəmiz yoxdur. Heyətimizə baxsanız, təxminən 7-8 futbolçumuz demək olar ki, hər oyunda meydanda olur. Buna görə də yorğunluq qaçılmazdır. Futbolçuların tez bərpa olunması üçün çalışırıq”.
Baş məşqçi qarşıdakı sıx oyun qrafiki barədə də danışıb:
“Dekabrın 22-dək təxirə salınmış oyun və kubok matçı da daxil olmaqla, altı qarşılaşmamız var. Üstəlik, ayın 28-də “Turan Tovuz”la oyunumuz olacaq. Bizi ağır oyunlar gözləyir. Təkcə “Qarabağ”la deyil, “Turan Tovuz”, “Şamaxı”, “Qəbələ” və “Sumqayıt”la qarşılaşmalarımız da çətin olacaq. “Qarabağ”la səfərdə yenidən oynayacağıq.
Bu, bizim üçün ağır period olacaq. Amma nə olursa-olsun, həmin rəqiblərlə qarşılaşmalıyıq. Sıx qrafikə uyğun hazırlaşmağa çalışacağıq. Bu müddətdə futbolçular üçün ən vacib məsələlərdən biri bərpa prosesidir. Bərpa və vitaminləşmə proseslərindən maksimum yararlanmağa çalışacağıq ki, oyunçularımız qarşılaşmalara hazır olsunlar”.
Məmmədov komandanın turnir cədvəlindəki mövqeyindən və klub rəhbərliyinin daha böyük hədəflərindən də söz açıb:
“Açığını desəm, narahatam. Rəhbərliyin hər zaman “Kəpəz” üçün ən yaxşısını, ən böyüyünü istədiyini bilirəm. Ancaq müəyyən reallıqlar var. Müasir futbolda maliyyə böyük rol oynayır. Komandamızın büdcəsi budur və biz də həmin imkanlara uyğun olaraq maksimum yaxşı nəticə göstərməyə çalışırıq.
Məni narahat edən odur ki, bu fikirlər klubun daxilinə də sirayət edə bilər. Bu baş versə, bir qədər eyforiyaya qapıla bilərik. Biz çempionata hansı məqsədlə başlamışıqsa, həmin hədəfə çatmağa çalışmalıyıq. Mənim də düşüncəm budur və komandaya da bunu aşılamağa çalışırıq.
Əlbəttə, qarşıya qoyulan ilkin məqsədə çatdıqdan sonra kim istəməz ki, daha irəli getsin? Əgər bu il “Kəpəz” avrokuboklara vəsiqə qazansa, düşünürəm ki, bu, böyük sensasiya olar və ən sevindirici hadisələrdən biri kimi yadda qalar.
Bu gün ən azı insanların “Kəpəz”lə qarşılaşanda onunla hesablaşması, bu komandaya qarşı oynamağın asan olmadığını düşünməsi bizim üçün vacibdir. Artıq “Kəpəz”ə qarşı oynayan komandalar qələbəni əvvəlcədən təmin olunmuş nəticə kimi görmürlər. Bu amil həm komandamız, həm də şəhərimiz üçün əhəmiyyətlidir. Futbolçularımızda inam və güvən yaradır”.













